"Dəmirbank" əlavə səhm emissiyasına hazırlaşır

"Dəmirbank" əlavə səhm emissiyasına hazırlaşır Yerləşdirmədən sonra səhmdarların pay bölgüsündə dəyişik olacağı istisna olunmur
Maliyyə
8 Avqust , 2016 09:48
Dəmirbank əlavə səhm emissiyasına hazırlaşır

Bakı. 8 avqust. REPORT.AZ/ "Dəmirbank" ASC-nin nizamnamə kapitalının 50 mln. manat artırılması əlavə səhm emissiyası hesabına reallaşdırılacaq. Bu barədə "Report"a Bankdan bildirilib.

Xatırladaq ki, "Dəmirbank"ın səhmdarları kapital artımına avqustun 6-da keçirdikləri növbədənkənar ümumi yığıncaqda qərar veriblər. Qərara əsasən, Bank dövriyyəyə hər birinin nominal dəyəri 0,2 manat olan 250 mln. yeni səhm buraxacaq. Bununla da, "Dəmirbank"ın dövriyyədə olan səhmlərinin ümumi sayı 355 mln.-a çatacaq, nizamnamə kapitalı isə 21 mln. manatdan 71 mln. manata yüksələcək.

Bankın səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçiriləcək. Bu prosesə kənar investorun cəlb olunması nəzərdə tutulmayıb. Başqa sözlə, yeni səhmləri mövcud səhmdarlar alacaqlar. Yerləşdirmədən sonra səhmdarların pay bölgüsündə dəyişik olacağı istisna deyil.

"Dəmirbank"ın səhm emissiyasını Bankın törəməsi olan "Dəmir İnvestisiya Şirkəti" QSC həyata keçirməyəcək. Buna səbəb Şirkətin Maliyyə Bazarlarına Nəzarət Palatasından hələ lisenziya almamasıdır. Odur ki, səhmlərin yerləşdirilməsi üçün lisenziyası olan 5 investisiya şirkətindən ("PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, "AzFinance İnvestisiya Şirkəti" QSC, "Kapital Menecment İnvestisiya Şirkəti" ASC, "Unicapital İnvestisiya Şirkəti" ASC və "İnvest-Az İnvestisiya Şirkəti" QSC) biri seçiləcək.

Xatırladaq ki, "Dəmirbank" 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 0,2 manat olan 105 mln. səhmi var. Səhmlərin 25%-i Avropa Yenidənqurma və İnkişf Bankına, 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 854 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi