​Çinin xarici ticarət həcmi 9% azalıb

​Çinin xarici ticarət həcmi 9% azalıb CNY/USD 6,80-ə yüksələ bilər
Maliyyə
13 İyul , 2016 20:46
​Çinin xarici ticarət həcmi 9% azalıb

Bakı. 13 iyul. REPORT.AZ/ Çinin xarici ticarət həcmi 2016-cı ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə dollar ekvivalentində 8,7% azalaraq 1, 712 trln. ABŞ dolları təşkil edib. 

"Report" "Ria" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Baş gömrük idarəsindən məlumat verilib. Bildirilib ki, ilin ilk yarısında ixrac 7,7% azalaraq 985,5 mlrd. dollara, idxal isə 10,2% azalaraq 727,1 mlrd. dolara geriləyib. Beləliklə, xarici ticarətin müsbət saldosu 258,2 mlrd. dollar təşkil edib. İyun ayında ixrac keçən ilin analoji dövrü ilə müqayisədə 4,8%, idxal isə 8,4% azalıb. Qeyd edək ki, 2015-ci ilin yekununda Çinin xarici ticarəti 3,95 trln. dollar, xarici ticarətin müsbət saldosu isə 594,5 mlrd. dollar təşkil edib.

"Report" analitik qrupu hesab edir ki, Çində xarici ticarət həcminin azalması növbəti dövrlərdə də davam edəcək. Ticarət həcminin azalması qlobal iqtisadiyyatın yavaşlamasının göstəricisi hesab oluna bilər. Bu da öz növbəsində neft qiymətlərinin azalması ilə nəticələnəcək. 

Xatırladaq ki, Çin xarici ticarət rəqəmlərinin açıqlanması ilə milli valyuta yuan dollarla müqayisədə zəifləyib. Belə ki, CNY/USD məzənnəsi 0,16% artaraq 6,6926-a yüksəlib. Məzənnənin 6,70 səviyyəsini keçməsi halında 6,80-ə qədər artacağı istisna edilmir. Belə olduğu halda Çinin ticarət müttəfiqi ölkələrin valyutalarına təzyiq artmağa başlayacaq və devalvasiya ehtimalları yüksələcək.

Son xəbərlər

Orphus sistemi