​Çinin iqtisadi problemləri qlobal böhranı dərinləşdirir

​Çinin iqtisadi problemləri qlobal böhranı dərinləşdirir "Report": Hökumət qlobal iqtisadi vəziyyətin pisləşməsi fonunda valyuta sabitliyini qoruya bilməyəcək
Maliyyə
1 Aprel , 2016 16:37
​Çinin iqtisadi problemləri qlobal böhranı dərinləşdirir

Bakı. 1 aprel. REPORT.AZ/ Artıq iki beynəlxalq reytinq agentliyi - "Standard&Poor's" və "Moody's" Çinin fiskal vəziyyətinin pisləşməsi və risklərin artması ilə bərabər, ölkədə islahatların yavaş sürətini nəzərə alaraq proqnozu "neqativ"ə endirib. Ölkənin dövlət borcu dünya sıralamasına görə aşağı səviyyədə olsa da, özəl sektorun borcu yüksəkdir. Belə vəziyyətdə isə iqtisadiyyatın dövlət tərəfindən kreditləşmənin artırılması üsulu ilə dəstəklənməsi daha çox risk daşıyır.

"S&P"yə görə, Çin iqtisadiyyatının yenidən tarazlıq əldə etməsi zaman alacaq. Bu da maliyyə və iqtisadi risklərin artmasına və hökumətin kredit qabiliyyətinin azalmasına gətirib çıxaracaq. Agentlik risk amili kimi ölkədə nominal ÜDM artımından yüksək olan 14% illik kreditləşmənin artımını görür. Digər problem isə investisiyaların ÜDM-dəki xüsusi çəkisi ilə bağlıdır. Belə ki, bu göstəricinin normal həddi 30-35% olduğu halda, Çində 43,7% təşkil edir.

Çinin xarici borcunun cari vəziyyəti investorları narahat edən əsas problemlərdən biridir. Belə ki, 2015-ci ilin III rübün sonuna Çinin korporativ sektorunun borcu 1,53 trln. dollar və ya ÜDM-in 14%-ni təşkil edib. Dövlət sektorunun borclarının bu rəqəmdə payı 105 mlrd. dollar və ya 6,9% olub. Qeyd edək ki, dövlət korporativ sektorunun xarici borcu 2015-ci il iyunun əvvəlinə nisbətən 150 mlrd. dollar və ya 57% azdır. Korporativ sektorun məcmu borcu isə 16 trln. dollar və ya ÜDM-in 160%-nə bərabərdir. 

"JPMorgan"a görə, yuanın zəifləməsi yerli valyutada kreditləşməni və dollar kreditlərinin bağlanmasını stimullaşdırır. Lakin dollar borclarının səviyyəsi çox yüksəkdir və korporativ sektor üçün gələcəkdə problemlər yarada bilər.

"Report"un analitik qrupu hesab edir ki, ortamüddətli perspektivdə Çinin korporativ sektorunun xarici valyutada riskləri getdikcə artacaq. İqtisadi artımı dəstəkləmək üçün yuanı zəiflətmək məcburiyyətində qalan Çin hökuməti xarici valyutada olan borcların milli valyuta ekvivalentində artması problemi ilə qarşılaşır. İqtisadi canlanmanı təmin etmək üçün kreditləşməni artıran hökumət qlobal iqtisadi vəziyyətin pisləşməsi fonunda valyuta sabitliyini qoruya bilməyəcək. Bu da ölkədə böhranın daha da dərinləşməsinə səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi