​Çin fond bazarı bir günə 590 mlrd. dollar itirib

​Çin fond bazarı bir günə 590 mlrd. dollar itirib Çində dolların məzənnəsinin bu il 8,00 CNY/USD-yə qədər artacağı gözlənilir
Maliyyə
5 Yanvar , 2016 11:31
​Çin fond bazarı bir günə 590 mlrd. dollar itirib

Bakı. 5 yanvar. REPORT.AZ/ Çinin əsas fond indeksləri - "Shanghai Composite" və "CSI300"  dünən, yanvarın 4-də 7%-ə (590 mlrd. dollar) yaxın azalıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Çin fond birjalarındakı azalma milli valyuta - yuanın da zəifləməsinə gətirib çıxarıb. CNY/USD məzənnəsi 6,48-dən 0,8% artaraq 6,53-ə çatıb. Honq-Konqda isə yuanın məzənnəsi son 5 ilin minimumuna (6,63 CNY/USD) enib.

Qeyd edək ki, 2016-cı ilin ilk iş günündə Çin bazarlarında, o cümlədən yuanda analoji sürətli azalmaya əsas səbəb istehsal sektorunda işgüzar fəallıq indeksinin (PMI) proqnozlaşdırılandan zəif açıqlanması olub. Bu göstərici bazar iştirakçıları tərəfindən 49 olması ehtimal edilsə də, faktiki 48,2-ə bərabər olub. Nəticədə, Çinin əsas fond birjaları sərt satışla üzləşib. PMI indeksi ardıcıl olaraq 10 aydır 50 bənddən aşağı həddədir. Bildirək ki, Çin qanunvericiliyinə uyğun olaraq, ölkədəki istənilən birjada indeksdə gündəlik azalma 7%-ə çatarsa, əməliyyatlar dərhal dayandırılır. Dünən, yanvarın 4-də "Shanghai Composite" indeksi 3 536 bənddən 3 296 bəndə enib. "Citigroup Inc.", "Deutsche Bank AG" və "Nomura Holdings Inc." kimi nəhəng maliyyə korporasiyalarının analitikləri hesab edirlər ki, qanunvericiliyin bu tələbi bir çox investorun satış sürətləndikdə əllərindəki səhmləri daha tez sataraq ondan qurtulmaq istəklərinin satışın ikiqat sürətlənməsinə səbəb olur. Bu gün, yanvarın 5-də "Shanghai Composite" indeksi 0,5% və ya 15 bənd azalıb və 3 280 bəndə bərabərdir, əməliyyatlar hələ davam edir. Qeyd edək ki, Çin fond bazarının ümumi kapitallaşması bu ilin əvvəlinə 8,4 trln. ABŞ dolları təşkil edib.

Çin Xalq Bankı (PBOC) bu gün maliyyə bazarlarına əks-repo əməliyyatları vasitəsilə 130 mlrd. yuan (19,9 mlrd. dollar) likvidlik dəstəyi verib. Əks-repo əməliyyatlarında faiz səviyyəsi 2,25% olub. "Societe General"in Asiya bazarları üzrə faiz strategiyası şöbəsinin müdiri Fransis Çon (Frances Cheung) bildirib ki, kapital axını likvidlik problemini daha da gücləndirəcək ki, bu da PBOC-un yumşaq monetar siyasəti davam etdirməsinə səbəb olacaq.

"Report"un analitik qrupu hesab edir ki, "Shanghai Compostie"  indeksinin 2016-cı ildə 2 300-2 500 səviyyəsinə qədər geriləyəcəyi ehtimal olunur. CNY/USD məzənnəsinin bu il ilk mərhələdə 6,80 səviyyəsinə çatması, daha sonra 7,20-8,00 diapazonuna qədər artması proqnozlaşdırılır. 

Qeyd edək ki, yuanın devalvasiyası ABŞ dolları istisna olmaqla demək olar ki, bütün dünya valyutalarının məzənnəsinə mənfi təsir edəcək.

Son xəbərlər

Orphus sistemi