İnvestorlar "Cənub Qaz Dəhlizi”nin dövlət zəmanətli istiqrazlarına maraq göstərir

İnvestorlar "Cənub Qaz Dəhlizi”nin dövlət zəmanətli istiqrazlarına maraq göstərir "Cənub Qaz Dəhlizi" tərəfindən ilk 1 milyard dollar həcmində 10 illik istiqrazların buraxılışına ciddi maraq nümayiş olunub
Maliyyə
19 Mart , 2016 14:58
İnvestorlar Cənub Qaz Dəhlizi”nin dövlət zəmanətli istiqrazlarına maraq göstərir

Bakı. 19 mart. REPORT.AZ/ “. “Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan və Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş istiqrazlar üzrə Böyük Britaniya və ABŞ-da investorlar üçün keçirilən təqdimatlar başa çatıb.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan maliyyə naziri Samir Şərifovun rəhbərliyi altında Maliyyə Nazirliyi, “Cənub Qaz Dəhlizi” QSC və Dövlət Neft Fondunun nümayəndələrindən ibarət heyətin investisiya bankları sindikatının dəstəyi ilə keçirdiyi görüşlərdə və təqdimatlarda həm layihə, həm də Azərbaycan iqtisadiyyatı barədə investorlara ətraflı məlumat verilib, dünya xammal bazarlarında qiymətlərin kəskin enməsinin ölkə iqtisadiyyatına təsirləri və Azərbaycan hökumətinin bu təsirlərin yumşaldılması məqsədiylə həyata keçirdiyi tədbirlərdən bəhs olunub. 

Qeyd olunub ki, Azərbaycanın mövcud fiskal və xarici mövqeyi, qabaqlayıcı tədbirlərin görülməsi, həyata keçirilən iqtisadi siyasət və islahatlar davamlılığı təmin edir. Böyük Britaniya və ABŞ-da keçirilən təqdimatlarda nüfuzlu investorların Azərbaycana böyük diqqəti bir daha təsdiqlənib, bunun ifadəsi kimi "Cənub Qaz Dəhlizi" QSC tərəfindən ilk 1 milyard ABŞ dolları həcmində 10 illik istiqrazların buraxılışına ciddi maraq nümayiş olunub. 

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir. “Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "CitiBank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilmişdir. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxıs edir.

Son xəbərlər

Orphus sistemi