Cavanşir Abdullayev: "Bank sektoruna kömək olmasa, devalvasiya qaçılmazdır"

Cavanşir Abdullayev: "Bank sektoruna kömək olmasa, devalvasiya qaçılmazdır" Azərbaycanda qorunan manat əmanətləri üzrə faizlərin artırılması təklif olunur
Maliyyə
25 Fevral , 2016 12:55
Cavanşir Abdullayev: Bank sektoruna kömək olmasa, devalvasiya qaçılmazdır

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının vəsait ehtiyatlarında Mərkəzi Bankın (AMB) resurslarının payı 10%-dən çox deyil. Avropada isə bu göstərici 30-50% təşkil edir. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev deyib: "Ona görə də, Azərbaycanda uçot dərəcəsinin dəyişməsi bazara təsir etmir".

"Uçot dərəcəsinin qaldırılmasının səbəbləri əsasən Mərkəzi Bankın satdığı pulla Maliyyə Nazirliyinin manat istiqrazlarının faiz dərəcələri arasındakı fərqi azaltmaqdır. Belə ki, əgər manatla istiqraz üzrə gəlirlilik 8%-dirsə, ona görə də uçot dərəcəsi 3%-dən 5%-ə qaldırılıb. Uçot dərəcəsinin artırılması, həmçinin manat əmanətlərinin faiz dərəcəsinin yüksəlməsi istiqamətində atılmış bir addımdır. Belə ki, əgər AMB banklara ucuz kredit versə, banklar ondan vəsait cəlb edəcəklər. Amma uçot dərəcəsinin qalxması ona xidmət edir ki, banklar manat əmanətlərinin cəlbini artırsın. Buna isə yalnız əmanət faizlərinin artırılması ilə nail olmaq mümkündür. Çünki insanlar riskə yalnız yüksək gəlirlik olduğu təqdirdə gedə bilərlər", - deyə C.Abdullayev qeyd edib.

ABTM rəhbərinin fikrincə, əmanətlərin tam həcmdə sığortalanması və kompensasiya məbləğinin artırılması barədə qanun layihəsi də təsdiqlənməsə belə, artıq manat əmanətlərinə maraq müəyyən dərəcədə artıb. AMB-nin hesabatına əsasən, təkcə yanvar ayında 50 mln. manatlıq əmanət yerləşdirilib. Bununla yanaşı, Azərbaycan Banklar Assosiasiyası da qorunan manat əmanətləri üzrə faiz dərəcələrinin artırılmasına dair Əmanətlərin Sığortalanması Fonduna təkliflər təqdim edib.

C.Abdullayev hesab edir ki, dövlət büdcəsinin dolmasında, vergi daxilolmalarında problem olmasa, yeni devalvasiya gözlənilmir: "Bank sektoruna kömək olmasa, devalvasiya qaçılmazdır. Çünki banklar sahibkara pul verməsə, əlbəttə, vergi yığımı da çox ola bilməz".

Son xəbərlər

Orphus sistemi