​"Caspian Development Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv olub

​"Caspian Development Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv olub Bununla da Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı 43-ə çatıb
Maliyyə
4 Fevral , 2015 16:40
​Caspian Development Bank Əmanətlərin Sığortalanması Fonduna üzv olub

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın "Caspian Development Bank" ASC (əvvəlki "Kövsər Bank") Əmanətlərin Sığortalanması Fonduna üzv olub. 

"Report"un ƏSF-yə istinadən verdiyi xəbərə görə, bununla da Fonda üzv olan bankların sayı 43-ə çatıb.

İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

Xatırladaq ki, 19 may 2014-cü il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 9%-ə salınıb. Bundan yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

ƏSF-yə üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 min manat məbləğində kompensasiya ödənilir.

Qeyd edək ki, "Kövsər Bank" ASC cari il yanvarın 24-də adını "Caspian Development Bank"a dəyişdirib.

Ötən ilin dekabrın 25-də "Kövsər Bank" ASC-nin adi sənədsiz adlı səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 12,02 mln. manatdan 50,02 mln. manata çatdırılıb.

Xatırladaq ki, Mərkəzi Bank (AMB) 2014-cü ilin aprel ayında "Kövsər Bank"ın bank fəaliyyəti üçün lisenziyasını bərpa edib.

Qeyd edək ki, 1992-ci il dekabrın 21-də "Kövsər Bank"a verilən lisenziya 2010-cu ildə Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ləğv edilib. Buna "Kövsər Bank"ın minimum məcmu kapital tələbinə əməl etməməsi, bank qanunvericiliyinin tələblərini pozması, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə AMB-nin ardıcıl və davamlı göstərişlərinə riayət etməməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi