PEFA: Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində irəliləyiş əldə olunub

PEFA: Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində irəliləyiş əldə olunub Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı qiymətləndirməsi layihəsinə yekun vurulub
Maliyyə
11 Dekabr , 2014 15:30
PEFA: Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində irəliləyiş əldə olunub
Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda Dünya Bankı, Avropa İttifaqı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə həyata keçirilən Azərbaycanda Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) qiymətləndirməsi layihəsinin yekun hesabatı təqdim olunub.

“Report”un Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən verdiyi xəbərə görə, PEFA Katibliyinin başçısı Luyis Havke yekun hesabatın son 3 ilin (2011-2013-cü il) dövlət maliyyəsinin idarə edilməsi sahəsi üzrə göstəricilərin qiymətləndirilməsi əsasında hazırlandığını bildirib. Onun sözlərinə görə, aparılmış qiymətləndirmə nəticəsində, 31 göstəricidən 17-si üzrə ciddi irəliləyiş əldə edilib.

Hesabatda büdcə zərfinə daxil edilən sənədlərin əhatəliliyinin artırılması, büdcə layihəsinin tərtibi qrafikinə ciddi əməl olunması, büdcə təsnifatının təkmilləşdirilməsi bir daha müsbət işlər kimi qeyd olunub. Həmçinin, hesabatda ortamüddətli büdcə proqnozlaşdırılmasının tətbiqi, davamlı olaraq dövlət büdcəsinin gəlirləri üzrə proqnozun artıqlaması ilə yerinə yetirilməsi, dövlət büdcəsinin xərcləri üzrə vaxtı ötmüş borcların yaranmasının qarşısının alınması, büdcə prosesində qanunvericilik orqanının iştirakının artırılması və digər istiqamətlər üzrə nailiyyətlər vurğulanıb.

Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşçenko isə layihənin uğurla başa çatdığını, Azərbaycanın qiymətləndirmə üzrə əksər göstəricilərdə ciddi irəliləyişə nail olduğunu bildirib.

Tədbirdə qeyd olunub ki, son illərdə ölkədə büdcə prosesinin beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsi, onun şəffaflığı, ünvanlığı və ictimaiyyətə açıqlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

Məlumatda bildirilir ki, hökumət dövlət maliyyəsi üzrə aparılan islahatları bundan sonra da dəstəkləməklə PEFA qiymətləndirilməsinin yekun nəticəsinə uyğun olaraq əməli fəaliyyətini genişləndirəcək və beynəlxalq təşkilatlarla işgüzar münasibətlərini daha da artıracaq.

Qeyd edək ki, 2001-ci ildə 7 donor agentlik və beynəlxalq maliyyə institutları - Avropa Komissiyası, Beynəlxalq Valyuta Fondu, Norveç Xarici İşlər Nazirliyi, Fransa Xarici İşlər Nazirliyi, İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi, Böyük Britaniya Beynəlxalq İnkişaf Departamenti və Dünya Bankı tərəfindən işlənib hazırlanmış PEFA metodologiyası üzrə qiymətləndirmə bu günə kimi 144 ölkəni əhatə etdib.

Azərbaycanda ilk dəfə dövlət xərcləri, satınalmalar və maliyyə hesabatlılığının əhatə edən qiymətləndirmə 2008-ci ildə həyata keçirilib. Azərbaycan hökumətinin müraciəti əsasında cari ildə yenidən PEFA qiymətləndirilməsinə başlanılıb və layihə müvəffəqiyyətlə başa çatdırılıb.

Son xəbərlər

Orphus sistemi