"Başak İnam Sığorta" fərdi satışı gücləndirəcək

"Başak İnam Sığorta" fərdi satışı gücləndirəcək Şirkətin 3 illik yeni inkişaf strategiyası hazırlanır
Maliyyə
25 Oktyabr , 2016 11:36
Başak İnam Sığorta fərdi satışı gücləndirəcək

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Başak İnam Sığorta" ASC-nin Direktorlar Şurası (DŞ) Şirkətin İdarə Heyətinə (İH) 2017-2019-cu illəri əhatə edəcək yeni inkişaf strategiyasının hazırlanması barədə göstəriş verib. Bu barədə "Report"a açıqlamasında sığorta şirkətinin İH-nin sədr müavini Vaqif Baxşıyev məlumat verib.

Onun sözlərinə görə, yeni strategiya əsasən fərdi sığorta məhsullarının satışının gücləndirilməsi üzərində qurulacaq: "Sığorta bazarında vəziyyət kəskin dəyişib. Artıq korporativ satışla bazarda qalmaq çətindir. Avtomobil kreditləri yox dərəcəsinə endiyi üşün kasko sığortasından daxilolmalar kəskin azalıb. Həmçinin? Azərbaycanın idxal-ixrac əməliyyatlarının da həcmi azalıb, son nəticədə xarici şirkətlərin hesabına yük sığortasından da əvvəlki kimi sığorta haqqı toplanılmır. Odur ki, bundan fərdi sığorta məhsullarının satışına diqqət yetirəcəyik".

V.Baxşiyev qeyd edib ki, təmsil etdiyi şirkət hələlik məsuliyyət sığortası, daşınar və daşınmaz əmlakın, o cümlədən elektrik avadanlıqlarının sığortası hesabına bazarda qalmağa çalışacaq. Tədricən isə "Başak İnam Sığorta" icbari sığorta bazarına daxil olacaq: "İcbari sığorta məhsullarının satışına başlamaqla bağlı planlarımız qüvvədədir. Söhbət əsasən avtomobillərin icbari sığortasından gedir. Hazırda bazar iştirakçılarının əksəriyyəti icbari avtosığortadan gələn pullar hesabına ayaqda qalır. Şirkət tədricən icbari sığorta ilə bağlı planlarını da reallaşdıracaq".

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 35 000 səhm əsasında formalaşıb. Səhmlərin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi