Baş direktor: "Rublun ucuzlaşması "ABB-Moskva" bankına təsir etməyəcək"

Baş direktor: "Rublun ucuzlaşması "ABB-Moskva" bankına təsir etməyəcək" ABB rəhbərliyi neftin qiymətinin düşməsi ilə bağlı preventiv tədbirlərə başlayıb
Maliyyə
17 Dekabr , 2014 15:12
Baş direktor: Rublun ucuzlaşması  ABB-Moskva bankına təsir etməyəcək

Bakı.17 dekabr. REPORT.AZ/ Rublun dəyərdən düşməsi prosesinin yaxın zamanlarda Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan "ABB-Moskva" ASC üçün ciddi problem yaradacağı gözlənilmir. 

"Report”un verdiyi xəbərə görə, bunu ABB-nin baş direktoru Elmir Həbibullayev bildirib: "Rublun dəyərdən düşməsi aktivlərin dəyərinin artıb-azalmasına səbəb ola bilər. Birbaşa hansısa problemlərlə üzləşməsi gözlənilmir".

Onun sözlərinə görə, ABB-nin özündə rublda aktivlər olmadığından rublun ucuzlaşması prosesinin birbaşa təsiri istisna olunur: "Yəqin ki, Moskvadakı bankımız da bununla bağlı hansısa hazırlıq tədbirləri görəcək".

O həmçinin bildirib ki, ABB İdarə Heyətinin son iclasında dünya bazarında neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar preventiv tədbirlərin görülməsi tapşırılıb: "Bankın öz aktivlərində, əməliyyatlarında, layihələrin icrasında bütün məqamların nəzərə alınması tapşırılıb. Bank bununla bağlı hazırlıq işləri görür".

E.Həbibullayev qeyd edib ki, bu günə olan statistik göstəricilərə əsasən Rusiyadan Azərbaycana və əks istiqamətə göndərilən pulların balansında ciddi dəyişiklik müşahidə olunmur və bu gözlənilmir: "Gələcəkdə müəyyən müddətdən sonra Rusiyadakı böhran ölkədə iş yerləri və ümumiyyətlə, iqtisadiyyat üçün real problem yaradarsa, "ABB-Moskva"ya da təsir edə bilər. Hələlik Rusiyada bunun təsirini ancaq rublun qiymətində görürük".

Son xəbərlər

Orphus sistemi