"Bank VTB (Azerbaijan)" aktivlərini 17% artırıb

"Bank VTB (Azerbaijan)" aktivlərini 17% artırıb Bankın kredit portfelinin 60%-dən çox hissəsi biznes kreditlərinin payına düşür
Maliyyə
6 Oktyabr , 2016 15:20
Bank VTB (Azerbaijan) aktivlərini 17% artırıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin cəmi aktivləri 2016-cı il sentyabrın 1-nə 443,6 mln. manat təşkil edib. Bankdan "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

Son bir ildə "Bank VTB (Azerbaijan)"ın depozit portfelinin həcmi 37%, kredit portfelinin həcmi isə 9% artıb. Bankın verdiyi 377,3 mln. manatlıq kreditlərin 60%-dən çoxu biznes kreditlərinin payına düşüb. Bu isə "Bank VTB (Azerbaijan)"ın korporativ istiqamətin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığa dəstəyin artırılması üzrə yeni strategiyasına uyğundur.

Yaxın perspektivdə Bank yerli sahibkarlar üçün əsas tərəfdaş banka çevrilmək niyyətindədir. Bunun üçün Bankın yeni komandası formalaşır, yeni xidmətlər paketi hazırlanır və faktorinq, dokumentar və hesablaşma-kassa əməliyyatlarının tətbiqi üzrə iş aparılır.

Hazırda "Bank VTB (Azerbaijan)"ın məcmu kapitalı kommersiya bankları üçün müəyyən edilmiş tələbə (50 mln. manat) cavab verir.

"Yaxın perspektivdə Rusiya ilə əlaqəli biznesi olan Azərbaycan sahibkarları üçün əsas tərəfdaş-bank olmağı planlaşdırırıq. Bu məqsədlə iqtisadiyyatın real sektoru, istehsalat, kənd təsərrüfatı və Rusiyaya məhsulların ixracı kimi sahələri maliyyələşdirmək, inkişaf etdirmək niyyətindəyik”, - deyə "Bank VTB (Azerbaijan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildə yaradılıb, Rusiyanın "VTB Bank" ASC-nin törəməsidir. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 254,075 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 51%-i Rusiya tərəfinə, 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə bir fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi