“Bank Standard”da xırda əmanətlərin ödənilməsinə başlanılır

“Bank Standard”da xırda əmanətlərin ödənilməsinə başlanılır Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb
Maliyyə
2 İyun , 2016 16:45
“Bank Standard”da xırda əmanətlərin ödənilməsinə başlanılır

Bakı. 2 iyun. REPORT.AZ/ Bir ay ərzində müvəqqəti inzibatçı “Bank Standard”QSC-nin aktivlərinin səfərbər edilməsi və likvidlik səviyyəsinin normallaşdırılması istiqamətində tədbirlər görüb.

"Report"un Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi xəbərə görə, bu tədbirlərin nəticəsində toplanmış vəsaitlər hesabına 3 iyun tarixindən etibarən fiziki şəxslərin “Bank Standard” KB-dakı 1,000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılır. Bununla yanaşı, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqqının ödənişi də davam edəcək.

Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb.

Müvəqqəti inzibatçı bankın borcları üzrə öhdəliklərin icrası ilə yanaşı, verilmiş kreditlərin qaytarılması üzrə fəaliyyəti də davam edir. Bununla əlaqədar Palata bir daha bankın borclularını öz öhdəliklərini intizamla yerinə yetirməyə dəvət edir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən, mayın 3-dən etibarən QSC “Bank Standard” KB-na 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Buna səbəb, son dövrlər “Bank Standard” KB-nın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyinin zəifləməsi, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklərin yaranması idi. MBNP “Bank Standard” KB-da yaranmış mövcud vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama təyin etmişdi. Palatanın qiymətləndirməsi müəyyən etmişdi ki, mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyil.

Məhz bu səbəbdən bankda yaranmış problemləri tənzimləmək üçün MBNP tərəfindən banka inzibatçı təyin edilmişdi və bankın likvid aktivlərinin səfərbər edilməsi, lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 3 may tarixindən etibarən 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılmışdı (moratorium qoyulmuşdu).

Son xəbərlər

Orphus sistemi