"Bank Respublika" kreditləşməni məhdudlaşdırıb

"Bank Respublika" kreditləşməni məhdudlaşdırıb Kredit şərtlərinə dəyişiklik ediləcəyi gözlənilir
Maliyyə
6 Sentyabr , 2016 10:53
Bank Respublika kreditləşməni məhdudlaşdırıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Bank Respublika" ASC müştərilərə biznes kreditləri, eləcə də iş yerindən arayış əsasında istehlak kreditlərinin verilməsini dayandırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda müştərilərə yalnız qızıl girovu əsasında istehlak kreditləri verilir. Bu növ kreditlər illik 29%-lə, manatla, 18 ay müddətinə ayrılır. Girov kimi 585 əyarlı qızıl qəbul edilir və onun hər qramı 34 manatdan qiymətləndirilir. Qızılın dəyərinin 70%-i qədər kredit ayrılır. Komissiya haqqı 1%-dir.

"Bank Respublika"nın rəhbərliyi kreditləşmənin məhdudlaşdırılmasına sentyabrın 2-də qərar verib. Kredit şərtlərinə dəyişiklik ediləcəyi gözlənilir.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 460 985,1 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2,45 manat olan 15 290 198 səhm əsasında formalaşıb.

Səhmlərin 16,7%-i Almaniyanın "DEG" investisiya şirkətinə ("Unibank" ASC-nin 8,3%-lik səhmdarı), 8,3%-i isə "Sparkassen International Development Trust" şirkətinə, 16,67%-i Natiq Saday oğlu Quliyevə, 15,18%-i Elçin Saday oğlu Quliyevə, 14,53%-i Sevda Saday qızı Quliyevaya, 14,36%-i Saday Əsəd oğlu Quliyevə, 14,07%-i Mariya Heydər qızı Quliyevaya, qalan 0,19%-i isə 9 fiziki və 3 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi