Bakı. 23 yanvar. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 22 yanvar 2016-cı il tarixli məktuba istinad edərək bildirir ki, “Bank of Azerbaijan” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib.
"Report"un Fonda istinadən verdiyi xəbərə görə, bununla da “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Bank of Azerbaijan” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilir.
Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırararq bildirir ki, 22 yanvar 2016-cı il tarixi “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
Məlumat üçün bildiririk ki, “Bank of Azerbaijan” ASC-də 30 (otuz) min manata qədər qorunan əmanəti olan qorunan əmanətçilərin əmanətlərinin 100 faiz həcmində kompensasiya ödəniləcəyinə Fond təminat verir.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.