​Bakıda MDB-nin qiymətli kağızlar bazarlarının tənzimləyici dövlət orqanları rəhbərləri Şurasının iclası keçirilib

​Bakıda MDB-nin qiymətli kağızlar bazarlarının tənzimləyici dövlət orqanları rəhbərləri Şurasının iclası keçirilib Tədbirdə MDB ölkəri emitentlərinin qiymətli kağızlarının digər ölkələrdə yerləşdirilməsi məsələsi müzakirə olunub
Maliyyə
27 Oktyabr , 2014 11:34
​Bakıda MDB-nin qiymətli kağızlar bazarlarının tənzimləyici dövlət orqanları rəhbərləri Şurasının iclası keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda MDB ölkələrinin qiymətli kağızlar bazarlarının tənzimləyici dövlət orqanları rəhbərləri Şurasının iclası keçirilib. Bu barədə "Report"a Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Azərbaycan, Rusiya, Moldova, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, MDB İcraiyyə Komitəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Birlik dövlətləri arasında qiymətli kağızlar bazarı sahəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, bazar tənzimlənməsinə qabaqcıl beynəlxalq standartların tətbiqi və MDB çərçivəsində kapitalın hərəkətinin liberallaşdırılması istiqamətində əməkdaşlığın, eləcə də üzv dövlətlərin qiymətli kağızlar bazarında investorların hüquqları və qanuni maraqlarının effektiv qorunmasının təmin olunması məsələləri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan QKDK-nın sədr müavini İlqar Muradov MDB ölkələrinin qiymətli kağızlar bazarı sahəsində milli qanunvericilik aktları və standartlarının dərindən öyrənildiyini və təhlil edildiyini, habelə, Azərbaycan qiymətli kağızlar bazarının tənzimlənməsi mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi istiqamətində əməli addımların atıldığını qeyd edib. İ.Muradov 16 may 2011-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanmış “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının məqsədindən söhbət açaraq, sənədin icrasının müasir, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşmasına töhfə verəcəyindən danışıb.

Daha sonra çıxışçılar MDB ölkələrinin qiymətli kağızlar bazarının tənzimləyici dövlət orqanları rəhbərləri Şurasının ötən iclaslarında qəbul olunan qərarların icrası, eləcə də təmsil etdikləri dövlətlərin iqtisadiyyatları və qiymətli kağızlar bazarlarının 2013-cü il və 2014-cü ilin 6 ayı ərzində vəziyyətinə dair məlumat veriblər.

Tədbirdə, həmçinin, MDB-nin dövlət qiymətli kağızları və onların təkrar bazarda dövriyyəsini tənzimləyən qanunvericilik aktlarının müqayisəli təhlili, eləcə də emitentlərin qiymətli kağızların digər ölkələrin ərazisində yerləşdirilməsi məsələsini tənzimləyən normativ-hüquqi aktların uyğunlaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

Sonda MDB ölkələrinin qiymətli kağızlar bazarının tənzimləyici dövlət orqanları rəhbərləri Şurasının 2015-2016-cı illər üçün nəzərdə tutulmuş iş planı, o cümlədən, Şuranın növbəti iclasının vaxtı, keçiriləcəyi yer və tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, MDB ölkələrinin qiymətli kağızlar bazarının tənzimləyici dövlət orqanları rəhbərləri Şurası 2003-cü ildə yaradılıb. Şuranın iclasları ildə ən azı iki dəfə olmaqla keçirilir. Şuranın yaradılmasında əsas məqsəd üzv dövlətlərin qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə fəaliyyətin əlaqələndirilməsini təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi