​Bakıda sığorta agentlərinin milli forumu keçirilir - FOTO

​Bakıda sığorta agentlərinin milli forumu keçirilir - FOTO Tədbirdə sığorta agentlərinin üzləşdiyi problemlər və onların həlli yolları müzakirə olunur
Maliyyə
6 Aprel , 2015 11:20
​Bakıda sığorta agentlərinin milli forumu keçirilir - FOTO

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Bakıda Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Sığorta Agentlərinin III Milli Forumu işə başlayıb.

"Report"un verdiyi xəbərə görə, forumda çıxış edən DSNX-nin lisenziyqlaşdırma, ərizə və şikayətlərə baxılması şöbəsinin müdiri Mahir Abdullayev bildirib ki, ölkədə sığorta agentlərinin sayı ilbəil artır. Onun sözlərinə görə, bu artım xüsusilə "İcbari sığortalar haqqında" qanunun qəbul edilməsi ilə baş verib.

Şöbə müdiri qeyd edib ki,2009-2014-cü illərdə artım həm fiziki, həm də hüquqi şəxslər üzrə olub: "Hazırda Azərbaycanda 950-dən artıq sığorta agenti fəaliyyət göstərir. Bunun 60-ı hüquqi, 856-sı fiziki şəxslərdir. Qanunvericilikdə sığorta agentlərinin sayına məhdudiyyət yoxdur. Ona görə də müvafiq attestasiyadan keçən şəxslərə lisenziya verilir".

M.Abdullayev həmçinin qanunvericilikdə nəzərdə tutulmayan "subagent" mövzusuna da toxunub: "Subagent qanunvericiliklə müəyyən olunmayıb. Lisenziyası olan sığorta agentləri öz satışlarını artırmaq üçün özlərindəki şəhadətnamələri qohum, tanışlarına verirlər ki, bu da qanuna ziddir".

Forumda DSNX-nin rəisi Namiq Xəlilov, ASA-nın sədri Orxan Bayramov, eləcə də İcbari Sığorta Bürosu və yerli sığorta şirkətlərinin nümayəndələri, sığorta agentləri və sığorta ekspertləri iştirak edirlər.

Müzakirələr sığorta bazarında agentlərin rolu, onların satış kanalları, vasitəçilərin peşəkarlığının artırılması, agentlik fəaliyyəti və bu sahədə rəqabət mühiti, sığorta agentlərinin üzləşdiyi problemlər, o cümlədən vergilərin ödənilməsi sahəsində problemlər və onların aradan qaldırılması, həmçinin daşınmaz əmlak və avtomobillərin icbari sığortasında mənfi hallar və onların həlli, həm könüllü, həm də icbari sığorta növlərinin agentlər üçün yaratdığı perspektivlər, iqtisadi böhran dövründə sığorta müştərilərinin saxlanılması və s. istiqamətində aparılır.

Son xəbərlər

Orphus sistemi