Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin dövriyyəyə buraxdığı 40 mln. manatlıq istiqraz emissiyasının tədavül müddəti 2017-ci ildə bitir və həmin il emissiyanın yenilənməsi mümkündür. Bunu "Report"a açıqlamasında "Bakcell"in baş icraçı direktoru Riçard Şirer bildirib: "Çox güman ki, biz o vaxt bazara yeni buraxılış ilə çıxacağıq".
Onun sözlərinə görə, hazırda qeyri-müəyyən maliyyə şəraitində kreditləşməyə meyl və maraq aşağıdır.
"Gələn ilin ilk yarısında nə baş verəcəyi ilə bağlı qeyri-müəyyənlik var. Həqiqətən bizim üçün uyğun, ucuz maliyyə mənbələri mövcud olarsa, ondan istifadə edəcəyik", - R.Şirer bildirib.
"Bakcell"in nağd pul dövriyyəsinin çox sağlam olduğunu qeyd edən R.Şirer əlavə edib ki, şirkətə əlavə kredit vəsaiti yalnız tam yeni layihələrin icrası üçün lazım olur: "Gündəlik tələbatımız üçünsə buna tələb yoxdur".
Xatırladaq ki, "Bakcell" 2011-ci və 2014-cü illərdə hər birinin ümumi nominal dəyəri 40 mln. manat olan istiqraz emissiyaları həyata keçirib.