Azərbaycanda bank əmanətlərinin həcmi 18% artıb

Azərbaycanda bank əmanətlərinin həcmi 18% artıb Əmanətlərin illik artım tempi 4 faiz bəndi azalıb
Maliyyə
29 Oktyabr , 2014 07:01
Azərbaycanda bank əmanətlərinin həcmi 18% artıb
Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2014-cü il oktyabrın 1-nə 7,352 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, illik müqayisədə 1,115 mlrd. manat və ya 17,9% çoxdur.

Eyni zamanda, ilin əvvəlindən bank əmanətlərinin həcmi 956 mln. manat və ya 15,0%, təkcə sentyabr ayında isə 359 mln. manat və ya 5,1% artıb.

Qeyd edək ki, ötən il ərzində əmanətlərin artımı 25,1%, ötən ilin yanvar-sentyabr aylarında isə 22,0% təşkil edib. Beləliklə, əmanətlərin artım tempinin müəyyən dərəcədə azalması müşahidə olunur. "Report"un analitikləri hesab edirkər ki, 4 faiz bəndi səviyyəsində azalma hər hansı makroiqtisadi nəticənin, o cümlədən əhalinin yığım qabiliyyətinin azalması ilə bağlı nəticənin çıxarılması üçün əsas ola bilməz. 

"Rəsmi statistikaya əsasən, əhalinin gəlirləri sahəsində müəyyən azalma tendensiyası mövcuddur. Belə ki, 2014-cü ilin üç rübü üzrə əhalinin məcmu gəlirləri üzrə illik artım tempi 5,4%, adambaşına düşən gəlirləri üzrə isə 4,0% təşkil edib ki, bu da 2013-cü ilin üç rüblük müvafiq göstəriciləri ilə müqayisədə 2,2 faiz bəndi azdır. Eyni zamanda, əhalinin istehlak xərcləri üzrə artım templəri, demək olar ki, əvvəlki illə eyni səviyyədədir. Bu baxımdan, əhalinin yığım qabiliyyətinin müəyyən dərəcədə azaldığını söyləməyə əsas var, lakin azalma hələ ki, makroiqtisadi baxımdan təhlükə və ya mənfi gözləntiləri yaradan səviyyədə deyil. Aydındır ki, əhalinin gəlirlər üzrə artım tempinin xərclərin artım tempindən geri qalması müsbət hal deyil", - deyə "Report"un ekspertləri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi