​Azərbaycan banklarının mənfəəti 36% artıb

​Azərbaycan banklarının mənfəəti 36% artıb Lakin qeyri-faiz zərəri də sürətlə artır
Maliyyə
3 Oktyabr , 2014 12:14
​Azərbaycan banklarının mənfəəti 36% artıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2014-cü ilin yanvar-avqust aylarında 327,4 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2013-cü ilin yanvar-avqust göstəricisi ilə müqayisədə 36,2% çoxdur.

Yanvar-avqust ayları ərzində bankların faiz gəlirləri 1 472,09 mln. manat, faiz xərcləri 640,06 mln. manat təşkil edib və nəticədə, faiz mənfəəti 832,03 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 296,64 mln. manat, qeyri-faiz xərcləri isə 552,85 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 256,21 mln. manat həcmində zərər yaranıb.

Beləliklə, Azərbaycan bank sistemində mənfəətlilik sahəsində yaranmış qeyri-sağlam vəziyyət davam edir. Belə ki, qeyri-faiz əməliyyatları üzrə zərərin yaranması tendensiyası hələ də qalmaqdadır və bu tendensiyanın zəifləməsi perspektivləri görünmür. Statistikaya əsasən, son bir ildə bu zərər 33% artıb, bütövlükdə ötən il ərzində bu artım 18,1%, 2012-ci ildə 23,6% olub. Belə olan şəraitdə Azərbaycan bank sistemində mənfəətin məqbul səviyyədə olmasının əsas səbəbi bankların kreditlər üzrə yüksək faiz gəlirləri qazanması ilə bağlıdır ki, bu da qeyri-faiz əməliyyatları üzrə yaranan zərərin ödənilməsinə imkan verir. Aydındır ki, əgər banklar qeyri-faiz əməliyyatları üzrə zərəri nəzərə çarpan dərəcədə azalda bilsəydi, bu, faiz əməliyyatları üzrə gəlirlərin mütləq yüksək olması zərurətini bir qədər yumşaldardı ki, nəticədə banklar kreditlər üzrə faizlərini müəyyən dərəcədə aşağı sala bilər. Lakin hazırkı vəziyyətdə qeyri-faiz əməliyyatları üzrə gəlirlərin aşağı, inzibati xərclərin yüksək olması bankları faiz gəlirlərini artırmağa məcbur edir. Bunun üçün isə ən rahat üsul kreditlərin yüksək səviyyədə saxlanılmasıdır.

Son xəbərlər

Orphus sistemi