Azərbaycan bank sisteminin aktivləri azalıb

Azərbaycan bank sisteminin aktivləri azalıb Aktivlərin azalması kredit qoyuluşlarının artımı fonunda baş verib
Maliyyə
29 Oktyabr , 2014 05:34
Azərbaycan bank sisteminin aktivləri azalıb
Bakı. 29 oktyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2014-cü il oktyabrın 1-nə 23,506 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu illik müqayisədə 4,105 mlrd. manat və ya 21,2% çoxdur.

Eyni zamanda, ilin əvvəlindən bank aktivlərinin həcmi 3,121 mlrd. manat və ya 15,3% artsa da, sentyabrda 41 mln. manat və ya 0,2% azalıb.

Qeyd edək ki, aktivlərin azalması aktivlərin tərkibində əsas yeri tutan kredit qoyuluşlarının artması fonunda baş verib. Belə ki, kredit qoyuluşlarının həcmi sentyabr ayında 323 mln. manat və ya 1,9% artıb. Ümumiyyətlə, aktivlərin tərkibində bankların məcmu kredit portfeli oktyabrın 1-nə 17,130 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 2,729 mlrd. manat və ya 16,2% çoxdur.

Göründüyü kimi, kreditlər bank aktivlərinin 72,9%-ni təşkil edir. Ötən il oktyabrın 1-də bu göstərici 74,2%, bu ilin əvvəlində isə 73,5% olub.

"Report"un analitikləri hesab edirlər ki, bank aktivlərinin strukturu ilə oktyabrın 1-nə statistik göstəricilər hələ açıqlanmayıb, lakin ehtimal etmək olar ki, aktivlərin azalması dəyişkən komponentlər hesabına baş verib. Bura nağd vəsaitlər, müxbir hesablarındakı vəsaitlər və investisiyaları aid etmək olar.

Son xəbərlər

Orphus sistemi