​Azərbaycan bank sistemi üzrə məcmu kapital 23% artıb

​Azərbaycan bank sistemi üzrə məcmu kapital 23% artıb Məcmu kapitalın həcmi 4 mlrd. manata yaxındır
Maliyyə
30 Oktyabr , 2014 07:13
Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2014-cü il oktyabrın 1-nə 3,899 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına görə, bu, illik müqayisədə 739 mln. manat və ya 23,4% çoxdur.

Eyni zamanda, bu ilin əvvəlindən bank sistemi üzrə məcmu kapital 473 mln. manat və ya 13,8%, sentyabr ayında isə 34 mln. manat və ya 0,9% artıb.

Məcmu kapital bankların qiymətləndirməsi üçün istifadə olunan əsas göstəricilərdən biridir, o cümlədən, AMB tərəfindən bankın bazarda qalıb-qalmaması ilə bağlı qərar da məhz məcmu kapitalın minimal tələblərə uyğunluğu əsasında verilir. Qeyd edək ki, 2015-ci il yanvarın 1-dək bütün banklar məcmu kapitalını ən azı 50 mln. manata çatdırmalıdır. Məzkəzi Bankın hesablamalarına görə, hazırda 5-6 bankda bu tələbin yerinə yetirilməsi ilə bağlı problemlər mövcuddur. Lakin bu bankların aktivlərinin ümumi bank sistemində xüsusi çəkisi təxminən 1%-ə bərabərdir ki, bu da həmin bankların rolunun kiçik olduğunu göstərir.

Ümumilikdə isə, bank sistemi üzrə məcmu kapitalın artmasına, bank sistemi üzrə məcmu kapitalın ümumi passivlərdə payının 16,5%-ə, yəni məqbul göstəriciyə bərabər olmasına baxmayaraq, xarici maliyyə qurumları hələ də Azərbaycan bank sistemində kapitallaşmanın aşağı səviyyədə olduğunu vurğulayır. Lakin qeyd etmək lazımdır ki, bu irad, bütün bank sistemi üçün deyil, iri, sistemə təsir edən banklara ünvanlanır. Mərkəzi Bankın fikrincə isə 50 mln. manatlıq minimal hədd hazırkı mərhələdə kifayətdir.

Son xəbərlər

Orphus sistemi