​Azərbaycanın xarici vətəndaşlara göstərdiyi turizm xidmətləri 18% artıb

​Azərbaycanın xarici vətəndaşlara göstərdiyi turizm xidmətləri 18% artıb Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xaricdə sərf etdikləri vəsait isə 14% azalıb
Maliyyə
9 İyul , 2015 12:30
​Azərbaycanın xarici vətəndaşlara göstərdiyi turizm xidmətləri 18% artıb

Bakı. 9 iyul. REPORT.AZ/ Bu ilin ilk rübündə Azərbaycanda xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 713,4 mln. ABŞ dolları məbləğində qiymətləndirilir. Bunun 24%-i və ya 171,2 mln. dolları qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlı olub. Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 626 mln. dollar məbləğində olub. Bunun 72%-i, yəni 451 mln. dolları Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin payına düşür.

Azərbaycan Mərkəzi Bankından (AMB) "Report"a verilən məlumata görə, hesabat dövründə Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar sərf etdikləri vəsait isə 255,4 mln. dollar olub.

Qeyd edək ki, 2014-cü ilin ilk rübü ilə müqayisədə xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 106,6 mln. dollar və ya 18% artıb. Qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlı xərcləri isə 32,1 mln. dollar və ya 16% azalıb. Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri isə 188,3 mln. dolar və ya 23%, ölkə vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xaricdə sərf etdikləri vəsaitlər isə 71 mln. dollar və ya 14% azalıb.

Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar xərcləri isə hesabat dövründə illik müqayisədə 65,3 mln. dollar və ya 34% artıb.

Son xəbərlər

Orphus sistemi