Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 51% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 51% azalıb Xarici ticarət dövriyyəsi isə 2,933 mlrd. dollar yaxud 31% azalıb
Maliyyə
13 İyun , 2016 14:30
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 51% azalıb

Bakı. 13 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 453,9 mln. ABŞ dolları həcmində olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 933,03 mln. dollar yaxud 31,24% azdır. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-aprel aylarında ixracın dəyəri 3 859,7 mln. dollar, idxalın dəyəri 2 594,2 mln. dollar təşkil edib. Nəticədə, 1 265,5 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin müvafiq dövrünə nisbətən ixracın həcmi 2 124,4 mln. dollar və ya 35,50%, idxalın həcmi isə 808,90 mln. dollar və ya 23,77% azalıb. Müsbət saldo isə illik müqayisədə 1 315,5 mln. dollar və ya 50,97% azalıb.

Ticarət dövriyyəsinin 42,3%-i Avropa İttifaqı, 10,7%-i MDB ölkələri, 47,0%-i isə digər dövlətlərin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

Son xəbərlər

Orphus sistemi