​Azərbaycanın II rüb üzrə tədiyyə balansı da kəsirlə tamamlanıb

​Azərbaycanın II rüb üzrə tədiyyə balansı da kəsirlə tamamlanıb "Report": Devalvasiya qeyri-neft sektorunun ixracını dəstəkləməyib
Maliyyə
9 Oktyabr , 2015 17:14
​Azərbaycanın II rüb üzrə tədiyyə balansı da kəsirlə tamamlanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın 2015-ci ilin II rübü üzrə də tədiyyə balansı kəsirlə tamamlanıb və 1 719 mln. ABŞ dolları təşkil edib. Qeyd edək ki, I rübdə analoji göstərici 4 591 mln. dollar olub.

"Report"un analitik qrupu Azərbaycan Mərkəzi Bankına istinadən qeyd edir ki, ilk rübdən fərqli olaraq II rübdə neftin qiymətinin bir qədər artması fonunda neft-qaz sektoru üzrə ixrac 256 mln. dollar və ya 6,7% artaraq 4 053 mln. dollar təşkil edib. Lakin bunun əvəzində devalvasiyaya baxmayaraq, digər sektorların ixracı 79 mln. dollar və ya 17,4% azalıb və 374 mln. dollara geriləyib. Qeyri-neft sektorunun ümumi ixracda xüsusi çəkisi 8,4% olub. İlk rübdə isə bu göstərici 10,7% olub. Başqa sözlə, devalvasiya qeyri-neft sektorunun ixracını dəstəkləməyib.

İdxal II rübdə I rüblə müqayisədə 65 mln. dollar və ya 2,6%, qeyri-neft sektorunun idxalı 311 mln. dollar və ya 14,5% azalıb. Neft sektorunun idxalı isə 246 mln. dollar və ya 71,5% artıb.

Xidmətlər balansının kəsiri ilk rübə nəzərən 137 mln. dollar və ya 12,1% artaraq 1 270 mln. dollara çatıb.

İlkin gəlirlərdə də kəsir artmaqa davam edib və 829 mln. dollara yüksəlib. Rüblük artım 344 mln. dollar və ya 71% olub.

Hesabat rübündə maliyyə hesabında 3 368 mln. dollar və ya 63,5% azalma baş verib. Bunun əsas səbəbi "portfel və digər investisiyalar"dakı azalma ilə bağlı olub. Məhz II rübdə tədiyyə balansında kəsirin azalması əsasən "portfel və digər investisiyalar"dakı azalma ilə əlaqədardır. Belə ki, ilk rübdə bu göstərici 5 303 mln. dollar təşkil edirdisə, II rübdə 1 935 mln. dollara geriləyib.

Tədiyyə balansının III və IV rüblərdə də təxminən II rübdə olduğu qədər kəsirlə tamamlanması ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi