​Azərbaycandakı 14 sığorta şirkəti biznesini genişləndirib

​Azərbaycandakı 14 sığorta şirkəti biznesini genişləndirib Yanvar ayında 12 sığorta şirkətində daxilolmaların həcmi azalıb
Maliyyə
25 Fevral , 2015 12:35
​Azərbaycandakı 14 sığorta şirkəti biznesini genişləndirib

Bakı. 25 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda toplanılmış sığorta haqlarının məcmu həcmində ən yüksək bazar payına "PAŞA Sığorta" şirkəti malik olub.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, şirkət ay ərzində 24,4 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan "İpək Yolu Sığorta"nın yığımları 7,4 mln. manat, "Atəşgah Sığorta"da 5,8 mln. manat, "PAŞA Həyat Sığorta"da 3,7 mln. manat, "Atəşgah Həyat Sığorta"da isə 2,8 mln. manat olub. Ümumilikdə bazarın təxminən 70%-i və ya 44,1 mln. manatı məhz bu beşliyin payına düşür.

Ən az sığorta haqqı toplayan isə "Rəvan Sığorta" (226,2 min manat), "Başak İnam" (202,3 min manat), "Əmrah Sığorta" (106,7 min manat), "Azərqarant" (72,5 min manat) və "Günay Sığorta" (18,9 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi bazar payı təxminən 1% (627 min manat) təşkil edib.

Ötən ilin noyabr ayında lisenziyası dayandırılmış "Era-Trans" və praktiki olaraq fəaliyyətini dayandırmış "Çartis Azərbaycan" sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə, 27 sığorta şirkətindən 3-də sığorta haqlarının məbləği 5 mln. manatdan çox, 9 şirkətdə 1-5 mln. manat, 5 şirkətdə 0,5-1 mln. manat, 10 şirkətdə isə 0,5 mln. manatdan az olub. Şirkətlərdən 14-də sığorta haqlarının artımı, 12-də isə azalması baş verib ("Çartis Azərbaycan" sığorta haqqı toplamadığı üçün onun yığım dinamikası qeydə alınmayıb).

Həyata keçirilmiş sığorta ödənişlərinin məbləğinə görə də "PAŞA Sığorta" (2,34 mln. manat) liderlik edir. Sonrakı yerləri "Atəşgah Sığorta" (1,14 mln. manat), "AXA-Mbask" (1,05 mln. manat), "Azsığorta" (684 min manat) və "Standard Insurance" (683 min manat) şirkətləri tutub. Ümumilikdə, ödənişlərin təxminən 57%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 5,9 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə "Era-Trans" (5,3 min manat), "İpək Yolu Sığorta" (3,9 min manat), "Günay Sığorta" (3,8 min manat) və "Azərqarant" (1 min manat) olub. Bu şirkətlərin bazarda ümumi payı isə 0,1% (14 min manat) təşkil edir.

Qeyd edək ki, "Çartis Azərbaycan" sığorta şirkəti isə ümumiyyətlə ödəniş etməyib.

Ümumilikdə, Azərbaycandakı 27 sığorta şirkətindən 3-də ödənişlər 1 mln. manatdan çox, 6 şirkətdə 0,5-1 mln. manat, 10 şirkətdə 0,1-0,5 min manat, 8 şirkətdə isə 0,1 mln. manatdan az olub. Şirkətlərdən 14-də sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib ("Qala Həyat" və "Çartis Azərbaycan" ötən ilin yanvarında da sığorta ödənişi etmədiyi üçün onların dinamikası qeydə alınmayıb).

Son xəbərlər

Orphus sistemi