Azərbaycanda vergi peşəkarlığı üzrə beynəlxalq təlim forumu keçirilir

Azərbaycanda vergi peşəkarlığı üzrə beynəlxalq təlim forumu keçirilir Üç gün davam edəcək forumda 25 ölkədən 39 nümayəndə iştirak edir
Maliyyə
9 Sentyabr , 2015 18:19
Azərbaycanda vergi peşəkarlığı üzrə beynəlxalq təlim forumu keçirilir

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Vergilər Nazirliyi və Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) əməkdaşlığı çərçivəsində “Vergi üzrə peşəkar təlim və inkişaf forumu” işə başlayıb. Bu barədə "Report"a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, ildə bir dəfə keçirilən IOTA-nın təlim forumu 10 ildən artıq mövcuddur və sonuncu dəfə 2014-cü ilin mayında Skopyedə (Makedoniya) keçirilib.

IOTA-nın digər forumlarından fərqli olaraq bu tədbir vergi administrasiyalarının dolayısı ilə bütün fəaliyyət istiqamətlərini əhatə edir.

Qurumun verdiyi açıqlamaya görə, təlim forumunun işinin təşkili məqsədilə yaradılmış Rəhbər Qrupunun tərkibinə onun fəaliyyətinə cəlb edilmiş üzv dövlətlərin mütəxəssisləri daxildir. Forum 2015-2016-cı illərdə yeni başlıq altında - vergi üzrə peşəkar təlim və inkişaf forumu adı ilə fəaliyyətini davam etdirir. Forumun prioritet sahələrinə elektron və mobil tədris, smartfon, tablet və dizüstü kompüterlərdən istifadə, sosial tədris və sosial şəbəkələrdən istifadə, beynəlxalq müstəvidə əməkdaşlıq, akkreditasiya və vergi peşəkarlığı daxildir.

Tədbirin əsas məqsədi vergi orqanlarına təlim və insan resursları sahələrində təcrübə mübadiləsi aparmağa, yeni tendensiyaları və təlim strategiyalarına ümumi yanaşmaları müəyyən etməyə, eləcə də bu sahələrdə tətbiq edilən metod və texnologiyalar və onların təkmilləşdirilməsinin yolları barədə müzakirələr aparmağa şərait yaratmaqdır.

Azərbaycanın ev sahibliyi etdiyi Forumda IOTA-ya üzv 25 ölkədən 39 nümayəndə iştirak edir. Üç gün davaç edəcək forumun ilk günü İsveç, Macarıstan, Niderland və İtaliya vergi administrasiyaları nümayəndələrinin təqdimatları nümayiş olunub.

Forum zamanı iştirakçıları təlimin səmərəliliyini qiymətləndirmək, məktəblərdə vergi təhsili ilə bağlı proqramların və layihələrin tətbiqini təhlil etmək imkanı əldə edəcəklər. Həmçinin, vebinarlardan (veb seminar) istifadə, virtual təlim, peşəkar tədris və inkişafa dair video təlimatlar kimi mühüm məsələlər müzakirə olunacaq.

Forumun ilk və son günü Bakıda, ikinci günü isə Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi