​Azərbaycanda qeyri-həyat sığortası bazarı 10% artıb

​Azərbaycanda qeyri-həyat sığortası bazarı 10% artıb Qeyri-həyat sığortası bazarında yığım 10% artıb, ödəniş isə 6% azalıb
Maliyyə
19 İyun , 2015 11:46
​Azərbaycanda qeyri-həyat sığortası bazarı 10% artıb

Bakı. 19 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 150,3 mln. manatı və ya 72,4%-i qeyri-həyat sığortasının payına düşüb. Bu, 2014-cü ilin eyni dövrünə nisbətən 9,7% çoxdur.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, qeyri-həyat sığortası üzrə yığımların 26,6%-i və ya 40 mln. manatı tibbi sığorta, 20%-i və ya 30 mln. manatı avtomobillərin icbari sığortası, 8,9%-i və ya 13,4 mln. manatı daşınmaz əmlakın icbari sığortası, 8,6%-i və ya 12,9 mln. manatı kasko sığortası, 7,9%-i və ya 11,8 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortası, qalan 28%-i və ya 42,2 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Cari ilin ilk 5 ayında sığorta ödənişlərinin 66,3%-ni və ya 49,4 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,6% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 41,7%-i və ya 20,6 mln manatı tibbi sığorta, 26,1%-i və ya 12,9 mln. manatı avtomobillərin icbari sığortası, 20,9%-i və ya 10,3 mln. manatı kasko sığortası, qalan 11,3%-i və ya 5,6 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,9 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-may aylarında bu göstərici 38,2 manat olub və ya 14% çox olub.

Qeyd edək ki, 2015-ci ilin yanvar-may aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə ümumilikdə 207,6 mln. manat sığorta haqqı toplanıb. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur. Ödənişlər isə 35% artaraq 74,5 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi