Azərbaycanda qadın sahibkarlara güzəştlərin tətbiqi təklif edilir

Azərbaycanda qadın sahibkarlara güzəştlərin tətbiqi təklif edilir Azərbaycanda dollar/manat kreditləşməsində nisbi məhdudiyyətin tətbiqi də təklif olunur
Maliyyə
3 Mart , 2016 12:06
Azərbaycanda qadın sahibkarlara güzəştlərin tətbiqi təklif edilir

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatlarında xanım kredit mütəxəssislərinin sayının çoxalması qadın sahibkarlığın inkişafına dəstək olacaq. 

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov bu gün Bakıda "Qadınların inkişafında mikromaliyyənin rolu" mövzusunda keçirilən mətbuat konfransında bildirib: "Qadın kredit mütəxəssislərinin sayı getdikcə artır. Bu, banklar və bank olmayan kredit təşkilatlarında (BOKT) qadın müştərilərinin sayının artmasına gətirəcək".

"Sahibkar müştərilər arasında qadınlar daha məsuliyyətli sayılır. Problem kredit portfelinin təhlili də bunu aydın göstərir. Qadın müştərilərin çox yaxşı ödəniş tarixçələri var. Həmçinin, xanımlar məsuliyyətli müştəri və əməkdaşdırlar. Qadın kredit işçiləri mikromaliyyədə daha çox qadın müştərini biznesə cəlb edərək onların inkişafına daha çox töhfə verə bilər", - deyə S.Kələşov qeyd edib. 

Daha sonra çıxış edən sahibkarlar banklardan əsasən qadın sahibkarlar üçün müəyyən güzəştlərin təqdim olunmasını təklif ediblər: "Hətta bəzi qadınlar dollar krediti ilə bağlı çətin vəziyyətdədirlər. Ona görə banklar həmin qadınlara faiz güzəştləri etsə də, bu, devalvasiya ilə müqayisədə çox cüzidir. Ona görə də bankların həmin çətin durumda olan qadınlara kömək göstərməsi təklif edilir".

S.Kələşov da bu sahədə təkcə bankların deyil, dövlətlə bankın bu sahədə birlikdə işləməli olduğunu deyir. Onun sözlərinə görə, bu sahədə müzakirələr davam edir: "Hesab edirəm ki problem tam olmasa da, qismən həllini tapacaq. Subyektiv fikrimə əsasən, Mərkəzi Bank dollar/manat kreditləşməsində müəyyən tənzimləmə etməli, müəyyən faiz nisbəti, məsələn, 30/70% nisbəti tələbi qoymalıdır".

Son xəbərlər

Orphus sistemi