Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi artıb

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi artıb Milli valyutada ayrılan qısamüddətli kreditlərdə problemli kreditlərin payı 12%-ə yaxınlaşıb
Maliyyə
6 May , 2016 10:20
Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi artıb

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il aprelin 1-nə 1 326,5 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, martın 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 3 mln. manat və ya 0,22%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 182 mln. manat və ya 12,06% azalıb.

Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 6,73% təşkil edib. Qeyd edək ki, martın 1-nə bu göstərici 6,54%, ilin əvvəlində isə 6,94% olub.

Manatla verilən vaxtı keçmiş kreditlər aprelin 1-nə 691,5 mln. manat təşkil edib ki, bu da martın 1-nə nisbətən 19,6 mln. manat və ya 2,92% çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 148,7 mln. manat və ya 17,7% artıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,2 faiz bəndi artıb, ilin əvvəlindən 0,7 faiz bəndi azalaraq 6,9%-ə çatıb.

Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 11,7% təşkil edib. Bir ay əvvəl bu göstərici 11,4%, ilin əvvəlində isə 15,1% olub.

Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı aprelin 1-nə 6,1%, ilin əvvəlində 6,2%, martın 1-nə isə 5,8% təşkil edib.

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi aprelin 1-nə 635 mln. manat təşkil edib. Bu, martın 1-nə nisbətən 22,6 mln. manat və ya 3,4%, cari ilin əvvəli ilə müqayisədə isə 33,3 mln. manat və ya 5,0% azalıb.

Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi aprelin 1-nə 6,6%, keçən ayın əvvəlində 6,4%, ilin əvvəlində isə 6,2% olub.

Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı aprelin 1-nə 9,5% olub. Qeyd edək ki, keçən ay bu göstərici 9%, ilin əvvəlində isə 8,6% təşkil edib.

Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı aprelin 1-nə 5,3%, martın 1-nə 5,2%, 2016-ci ilin əvvəlində isə 5% olub.

Son xəbərlər

Orphus sistemi