​Azərbaycanda plastik kartlarla aparılan əməliyyatların həcmi 13% azalıb

​Azərbaycanda plastik kartlarla aparılan əməliyyatların həcmi 13% azalıb Bu ilin oktyabr ayında debet və kredit kartları ilə aparılan əməliyyatların sayı 15% azalıb
Maliyyə
3 Dekabr , 2014 13:31
​Azərbaycanda plastik kartlarla aparılan əməliyyatların həcmi 13% azalıb
Bakı. 3 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində Azərbaycanda debet və kredit kartları ilə ümumilikdə 788 mln. manat həcmində 5,237 mln. əməliyyat həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə plastik kartlarla aparılan əməliyyatların həcmi 12,5%, sayı isə 15% azalıb.

"Report"un Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən verdiyi xəbərə görə, əməliyyatların 4,121 mln.-u bankomatlardan nağd pulun çıxarılması, 843 mini nağdsız ödənişlərin payına düşüb.

Hesabata əsasən, oktyabr ayında debet və kredit kartları ilə aparılan nağdsız ödənişlərin sayı illik müqayisədə 26% azalıb.

Nağd pulun çıxarılmasının cəmi 23 mini, nağdsız ödənişlərin isə 798 mini POS-terminallar vasitəsilə edilib.

POS-terminallar üzrə nağdsız ödəniş əməliyyatları illik 33% azalın. Ödənişlərin həcmində isə illik 13% azalma müşahidə edilib.

Bu müddətdə 18 mln. manat həcmində 45 min əməliyyat isə bankomatlar vasitəsilə həyata keçirilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 10% artıb, həcmi isə 5% azalıb.

Əməliyyatların 1,472 mln.-u kredit kartları ilə aparılıb. Kredit kartları ilə aparılan əməliyyatların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,5% artıb.

Kredit kartları ilə aparılan əməliyyatların 518 min ədədi bankomatların payına düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 52% artım deməkdir.

Hesabata əsasən, bu müddətdə kredit kartları ilə ölkə daxilində ümumilikdə 202 mln. manat həcmində əməliyyat həyata keçirilib və bu, illik müqayisədə 26,3% çoxdur.

Qeyd edək ki, Mərkəzi Bankın oktyabr hesabatına əsasən, Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 5,864 mln. ədədə çatıb. Bunun da 1 mln. ədədi kredit kartlarının payına düşüb.

Cari ilin əvvəlindən kredit kartlarının sayı 30%-dən çox artıb. Debet kartlarının əsas hissəsini təşkil edən sosial kartlar hesabat dövrünə 3,1% azalaraq 2,479 mln. ədədə düşüb. Ölkədə mövcud olan əmək haqqı kartlarının sayı isə illik müqayisədə 1% azalaraq noyabrın 1-nə 1,409 mln. ədəd olub.

Son xəbərlər

Orphus sistemi