​Azərbaycanda orta aylıq əmək haqqı səviyyəsi Rusiyaya çatıb

​Azərbaycanda orta aylıq əmək haqqı səviyyəsi Rusiyaya çatıb Rusların gəlirlərinin artmasına uzun illər tələb olunacaq
Maliyyə
30 May , 2016 14:51
​Azərbaycanda orta aylıq əmək haqqı səviyyəsi Rusiyaya çatıb

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycanda orta aylıq əmək haqqı 2011-ci ildə Rusiyadakı analoji göstəricinin 73% səviyyəsində olduğu halda, 2015-ci ilin sonunda 88%-ə yüksəlib. "Report" "Lenta.ru" agentliyinə istinadən xəbər verir ki, hesabat Rusiya "Ali İqtisadiyyat Məktəbi"(VŞE) tərəfindən hazırlanıb.

Belə ki, Rusiya "Ali İqtisadiyyat Məktəbi"(VŞE) tərəfindən hazırlanan əhalinin sosial-iqtisadi vəziyyəti ilə bağlı monitorinqdə 2015-ci il yekunlarına görə, Rusiyada maaşların Belarusiya ilə eyni səviyyəyə çatdığı bildirilib. Hesabatda Qazaxıstan və Azərbaycanın da Rusiya ilə maaş səviyyəsindəki fərqinin azaldığı göstərilir. Belə ki, Qazaxıstanda 2011-ci ildə orta aylıq əmək haqqı Rusiyadakının 70%-nə bərabər idisə, 2015-ci ildə bu göstərici 80%-ə yüksəlib. Nominal olaraq Rusiyada orta aylıq əmək haqqı 2014-cü ildə 847 ABŞ dollarından 2015-ci ildə 34% azalaraq 558 ABŞ dolları təşkil edib.

Rusiya prezidentinin köməkçisi Andrey Belousov bildirib ki, ölkədə yoxsul əhalinin sayı 2014-2015-ci illərdə 5 mln. nəfər artıb. Onun sözlərinə görə, bu insanların gəlirləri minimum yaşayış səviyyəsi üçün tələb olunan vəsaitdən az olub: "Ölkədə böhran bitsə də əhali bunu hiss etmir. İqtisadi artım tempinin mənfi tendensiyası bitmək üzrə olsa da əhalinin gəlirlərində artım müşahidə olunmayıb". Prezidentin köməkçisi bildirib ki, ölkə böhrandan çıxa bilsə də, tarazlıq vəziyyəti insanların yoxsullaşma səviyyəsinin artması hesabına baş verib. "Bu insanların gəlirlərinin artması üçün uzun müddət tələb oluna bilər", - deyə Belousov qeyd edib.

"Rosstat"ın hesabatında isə aprel ayında rusların real gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,1% azalıb və 31 342 rubl (475 ABŞ dolları) təşkil edib. Rusiya hökuməti yanında Analitik Mərkəzin eksperti Sofya Qavdifattovaya görə, əhalinin rifahı 2014-cü ildə 0,3%, 2015-ci ildə isə 4,3% azalıb. O, əhalinin rifahının 2013-cü il səviyyəsinə yenidən yüksəlməsi üçün ölkədə 5,3% iqtisadi artım tempinin olmasının zəruri olduğunu bildirib. Ekspert, "Lenta.ru" agentliyinə müsahibəsində, həmçinin 2016-cı il yanvar-aprel aylarında əhalinin gəlirlərinin 4,7% azaldığını qeyd edərək, keçən ilin müvafiq dövründə gəlirlərin 2,4% azaldığına diqqət çəkib.

Rusiya Əmək Nazirliyinin hesabatında 2015-ci ilin yekununda ölkədə yoxsulların sayı 19 mln.a çatıb. İqtisadi İnkişaf Nazirliyinin bu il mayın 10-na olan hesabatında yoxsulluq səviyyəsinin 2018-ci ildə 13,9%-lə maksimal həddə çatacağı ehtimal edilib. Hazırda isə bu göstəricinin 13% olduğu qeyd olunub.

Son xəbərlər

Orphus sistemi