​Azərbaycanda nağdsız ödənişlərə vergi güzəştinin tətbiqi təklif edilir - ARAŞDIRMA

​Azərbaycanda nağdsız ödənişlərə vergi güzəştinin tətbiqi təklif edilir - ARAŞDIRMA Həmçinin, banklararası “Interchange” xidməti üzrə taarifləri də azaltmağın zəruri olduğu bildirilir
Maliyyə
15 İyul , 2016 20:35
​Azərbaycanda nağdsız ödənişlərə vergi güzəştinin tətbiqi təklif edilir - ARAŞDIRMA

Bakı. 15 iyul. REPORT.AZ/ “Əvvəl dollarda bir plastik kartım var idi və bütün ödənişlərimi də onunla edirdim". Bunu "Report"a kommunal xidmətlər üzrə ödənişləri və bir sıra digər alış-veriş əməliyyatlarını internet vasitəsilə həyata keçirən Zahid Cəlilov deyib. 

Onun sözlərinə görə, artıq elektron ödənişlərdən az istifadə edir: "Əvvəllər həm xaricdən mal alırdım, həm də kommunal xidmətləri həmin plastik kartla ödəyirdim. Konvertasiya haqqı da sərf edirdi. Manatla etdiyim bütün ödənişlərə görə cəmi 50 qəpik pul tuturdu. İndi isə həmin kartla 10 manatlıq işıq pulu ödəsəm, gərək 4 manat əlavə haqq verim. Ya da müxtəlif valyutalarda olan kart alıb saxlayım”. 

Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinin qarşısını alan bir çox səbəblər mövcuddur

Son illər Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması üçün bir sıra addımlar atılıb. Onların sırasında ilk olaraq POS-terminallarını quraşdırılması və istifadəsi ilə bağlı qərarlardır. Hansı ki, POS-terminalların quraşdırılması və istifadəsi Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” ilə tənzimlənir.

Qeyri-nağd ödənişlərin həcminin artırılmasına şərait yaradacaq digər qərar “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” idi. Həmin qaydalar bu ilin yanvarından qüvvəyə minsə də bir müddət sonra qüvvədən düşdü.

Ekspertlər hesab edir ki, Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinin qarşısını alan bir çox səbəblər mövcuddur. Onlar sırasında ekvayrinq (xidmət tarifləri) tələblərinin yüksək olması da var. Digər məsələ isə konvertasiya haqlarının artırılması ilə bağlıdır. Belə ki, son 1 ildə Azərbaycan manatının iki dəfə devalvasiyaya uğraması bankların konvertasiya haqlarını artırmasına səbəb oldu. Əvvəllər ən yüksək konvertasiya haqqı 0,5% müəyyən edilmişdisə, hazırda bu rəqəm orta hesabla 8 dəfə artırılaraq 4% civarındadır.

"e-Ödəniş sistemlərinin tənzimlənməli və banklararası “Interchange” xidməti üzrə taariflər azaldılmalıdır"

Ölkənin ən böyük elektron ödəniş xidmətinə sahib olan “GoldenPay” ASC-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, nağdsız ödənişlərin həcminin artırılması üçün elektron ticarətdə vergi ləğv edilməlidir. Azərbaycanda nağdsız ödənişlərin həcminin artması üçün e-Ödəniş sistemlərinin tənzimlənməsinə ehtiyac var. Həmçinin, banklararası “Interchange” xidməti üzrə taarifləri də azaltmaq lazımdır.

Qeyd edək ki, indiyədək bu xidmət üzrə ödəniş haqları VISA və MasterCard tərəfindən müəyyən edilirdisə, cari ilin aprel ayında Mərkəzi Bank tərəfindən Banklararası Kart Mərkəzinin istismara verilməsi ilə banklar arasında daha aşağı tariflərin tətbiqi barədə iki və ya çoxtərəfli razılaşma imkanı verib. Amma bu, yalnız ölkə daxili ödənişlərə aiddir.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu nağdsız ödənişlər sahəsində lazımi inkişafın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsini daha məqsədəuyğun sayır. Nağdsız ödənişlər zamanı həm ticarət obyektləri, həm də maliyyə institutlarına güzəştli vergi dərəcələri və bənzər güzəştlər tətbiq edilməli, vətəndaşların maliyyə savadlığının artırılması məqsədilə KİV-lər, xüsusilə də TV-lər vasitəsilə müvafiq tədbirlər həyata keçirilməli, bankları nağdsiz ödənişlərlə əlaqədar daha da stimullaşdırmaq məqəsilə keçirilən mövcud nominasiyalar davam etdirilməli və yeni nominasiyalar üzərində işlənilməlidir.

“Ən çox vergidən yayınma nağd ödənişlərin çox olduğu ticarət və tikinti kimi sahələrdə qeydə alınır"

Vergilər nazirinin müavini Sahib Ələkbərov bir müddət əvvəl verdiyi vergidən yayınmaların əsasən nağd ödənişlərin aparıldığı tikinti və ticarət sahələrində olduğunu bildirmişdi. S.Ələkbərov həmçinin elektron ticarətin də vergiyə cəlb edilməsi üzərində iş getdiyini söyləmişdi: “Ən çox vergidən yayınma nağd ödənişlərin çox olduğu ticarət və tikinti kimi sahələrdə qeydə alınır. Həmçinin, elektron ticarətin də vergiyə cəlb edilməsi ilə bağlı iş gedir. Azərbaycanda elektron xidmətlər göstərən transmilli şirkətlər var və elektron birjalar fəaliyyət göstərir. Onlarda da çox böyük məbləğlər var və bu, bizim üçün yenidir. 

Mobil tətbiqlərin yüklənməsi, musiqilərin yazılması, internet oyunları, elektron birjalar vergiyə cəlb oluna bilər

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva isə elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı artıq qanun layihəsinin hazırlandığını bildirib: “Bir müddət əvvəl Vergilər Nazirliyi tərəfindən elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı qanun layihəsi hazırlanmışdı. Layihə aidiyyəti qurumlarla müzakirə olundu, bütövlükdə hökumət tərəfindən müsbət qarşılandı. Sadəcə, bəzi təkliflər üzərində təkmilləşdirmələrə ehtiyac var. Elektron ticarət banklarla birgə iş, nağdsız hesablaşmalar deməkdir. E-Ticarət dedikdə internet üzərindən təkcə məhsulların deyil, həm də xidmətlərin alınması nəzərdə tutulur. Ona görə də bu prosesdə iştirak edən bütün tərəflərlə müzakirələr aparılır. Eyni zamanda, telefonlara mobil tətbiqlərin yüklənməsi, musiqilərin yazılması, internet oyunlarının, elektron birjaların vergiyə cəlb olunması da müzakirə mövzusudur. Bütün bu məsələlər qanun layihəsində öz əksini tapıb”.

Azərbaycanda ödəniş kartları 10,7% azalıb

Azərbaycan Mərkəzi Bankının açıqladığı son rəqəmlər də nağdsız ödənişlərin həcminin azaldığını göstərir. Belə ki, AMB-nin iyunun 1-i üçün açıqladığı məlumata görə, Azərbaycanda ödəniş kartlarının ümumi sayı 5 423 000 ədəddir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 651 min, yaxud 10,7% azalma deməkdir. Təkcə aprellə müqayisədə may ayında ödəniş kartlarının sayı 18 min ədəd azalıb. Nağdsız ödənişlərlə bağlı rəqəmlərdə isə müəyyən artım müşahidə edilir. Belə ki, may ayı ərzində 62 mln. manatlıq nağdsız ödəniş əməliyyatı aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 mln. manat, yaxud 8,77% çoxdur.

Ölkədə olan POS-terminalların sayında da azalma müşahidə edilməkdədir. Belə ki, iyunun 1-nə olan məlumata görə, 73 945 ədəddir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 379 ədəd, yaxud 5,59% azdır.

"Elektron şəbəkə vasitəsilə qeyri-ərzaq məhsullarının satışı 6,8 mln. manata bərabər olub"

Statistik məlumatlara görə, Azərbaycanda bu ticarət növünə üstünlük verənlərin təxminən 90%-ni hüquqi, 10%-ni isə fiziki şəxslər təşkil edir. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı son statistik göstəricilərdə deyilir ki, 2016-cı ilin yanvar-iyun aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 7,0 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1% çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini real ifadədə 0,3% üstələyərək 6,8 mln. manata bərabər olub.

Nağdsız ödənişlərə müəyyən vergi güzəştləri tətbiq edilməlidir

“Report”un Analitik Qrupu hesab edir ki, nağdsız ödənişlərə müəyyən vergi güzəştləri tətbiq edilməlidir. Digər tərəfdən hökumət maarifləndirici tədbirləri də davam etdirməlidir. Təbii ki, nağdsız ödənişlərin həcminin artması şirkətlərin hesabatlığını artıracaq və dövlət orqanları şirkətlərin dövriyyəsinə daha asan nəzarət edə biləcəklər. Bu isə şəffaflığın təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.

Son xəbərlər

Orphus sistemi