Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb

Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb Şura bir ay müddətində ölkədə maliyyə–kredit sektorunun mövcud vəziyyətini təhlil etməlidir
Maliyyə
15 İyul , 2016 17:23
Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb

Bakı. 15 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmanda deyilir ki, ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edilib. 

Aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub, ölkənin beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənib, iqtisadi inkişafın davamlılığı təmin olunub: "Bununla belə son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda təzahür edən proseslər, neft gəlirlərinin kəskin azalması və mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədi ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və ölkədə müəyyən olunmuş iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas prioritet vəzifələrdir.

Makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub saxlanılması cari, orta və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial mənfi təsirlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsini vacib edir.

Qeyd olunan məqsədlərə nail olunması üçün əlverişli biznes və investisiya mühiti, sahibkarlara öz hüquqlarını müdafiə etmək imkanları yaradılmalı, bank sisteminin etibarlılığı artırılmalı, sahibkarların maliyyə mənbələrinə çıxış imkanları sadələşdirilməli, normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi təmin olunmalıdır.

Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası (bundan sonra – Şura) yaradılıb:

Şuranın sədri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Şuranın üzvləri:

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Rüfət Aslanlı – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri

Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılıb və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Mərkəzi Bankına tövsiyə edilib.

Müəyyən edilib ki, bu fərmanda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə Şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.

Şuraya tapşırılıb ki, bir ay müddətində ölkədə maliyyə–kredit sektorunun mövcud vəziyyətini təhlil etsin, habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirsin, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etsin, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməklə bu barədə Prezidentə hər rübdən sonrakı ayın 30-dək məlumat versin.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, bu fərmanda nəzərdə tutulmuş hallarda Şuranın müraciəti əsasında maliyyələşdirməni təmin etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi