Azərbaycanda maliyyə orqanlarının 3 vəzifəli şəxsi işdən çıxarılıb

Azərbaycanda maliyyə orqanlarının 3 vəzifəli şəxsi işdən çıxarılıb Daha 8 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxsə xəbərdarlıq elan edilib
Maliyyə
13 Mart , 2015 11:00
Azərbaycanda maliyyə orqanlarının 3 vəzifəli şəxsi işdən çıxarılıb

Bakı.13 mart. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda 2014-cü ildə apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ötən il 14 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparat­­larının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fon­du­nun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, mənzil kommunal təsərrüfatı qurumlarına, həmçinin 14 təhsil, 7 tibb, 1 mədəniyyət, 2 meliorasiya müəssisəsinə və 2 diplomatik nümayəndəliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, habelə Maliyyə Nazirliyinin 5 yerli maliyyə orqanının yerli gəlir və xərclərin tərtibi və icrası üzrə işləri yoxlanılıb.

Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti nazirliklərə məktublar göndərilib.

Yoxlamaların gedişində də nöqsanların aradan qaldırılması istiqamətində xeyli iş görülüb, yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin əsas hissəsinin (4 910,3 min manat) yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib, mövcud qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 52 sinif komplekti və məktəbdənkənar müəssisələrdə təşkil olunmuş 140 dərnək və qrup, normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib, həmçinin normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb, evdə təhsilə cəlb edilmiş şagirdlərin yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 73 nəfər azaldılıb, 107,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş bir təşkilat üzrə yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

Habelə, nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında maliyyə qaydala­rının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 204.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri qismində cərimələr tətbiq edilib, ümumilikdə 914 nəfər vəzifəli şəxs 516,6 min manat məbləğində cərimə edilib və həmin cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Maliyyə Nazirliyinin yerli maliyyə orqanlarında aparılmış yoxlamaların nəticələri üzrə maliyyə orqanlarının 3 vəzifəli şəxsi tutduqları vəzifədən azad edilib, 8 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxsə xəbərdarlıq elan edilib.

Yuxarıda göstərilənlərlə bərabər, Xidmətin mütəxəssisləri tərəfindən Baş Prokurorluğun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən məktublarda və qərarlarda qeyd olunan suallar yoxlanılıb, cəmi 6 027,2 min manat məbləğində israfçılıq halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib. 

Son xəbərlər

Orphus sistemi