Azərbaycanda "Kapital bazarının müasirləşdirilməsi Layihəsi" gələn il yekunlaşacaq

Azərbaycanda "Kapital bazarının müasirləşdirilməsi Layihəsi" gələn il yekunlaşacaq Bu sahədə Dünya Bankı ilə yeni layihənin icrasının mümkünlüyü gələn il müzakirə olunacaq
Maliyyə
10 Dekabr , 2015 16:28
Azərbaycanda Kapital bazarının müasirləşdirilməsi Layihəsi gələn il yekunlaşacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Kapital bazarının müasirləşdirilməsi Layihəsi"nin icrası 2016-cı il iyulun 1-də yekunlaşacaq. Layihəyə ayrılan 12 mln. ABŞ dollarının 70%-dən çoxundan artıq istifadə olunub. 

"Report"un verdiyi xəbərə görə, bu barədə QKDK-nin Aparat rəhbəri Bəxtiyar Əzizov məlumat verib: "Bazar infrastrukturunun müasirləşdirilməsi nəzərdə tutulub. Əsas məsələ yeni ticarət konyunkturasının yaradılmasıdır".

B.Əzizov qeyd edib ki, hələlik Dünya Bankı ilə digər yeni bir layihə düşünülmür. Lakin bu barədə daha konkret gələn il danışmaq mümkün olacaq.

Qeyd edək ki, Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın verdiyi məlumata əsasən, layihəyə ümumilikdə 16 mln. dollar ayrılıb, bunun 12 mln. dolları uzunmüddətli, yəni 27 ilə verilib. Bundan başqa, layihəyə SECO tərəfindən 1,6 mln. dollar məbləğində qrant ayrılıb.

Aparat rəhbəri Qiymətli kağızların inkişafı üçün 2011-2020-ci illər üzrə Dövlət Proqramının uğurla həyata keçirildiyini, tamamlanmasına nail olacaqlarını deyib: "Bu ili də uğurlu hesab edirik. Bu il Komitə "Qiymətli kağızlar haqqında" qanunun qəbuluna nail olub. Bu qanun yeni hüquqi çərçivə yaradıb. Bu qanunda bir sıra yeniliklər, o cümlədən səhm və istiqarazların yalnız nağdsız formada buraxılması, girovun dövlət qeydiyyatının Komitədə deyil, birbaşa depozitarda aparılması və digər məsələlər nəzərdə tutulur. Həmçinin, vahid məlumat resursunun yaradılması da əsas şərtlərdəndir".

Son xəbərlər

Orphus sistemi