Azərbaycanda illik inflyasiya 11%-ə çatıb

Azərbaycanda illik inflyasiya 11%-ə çatıb Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Maliyyə
15 Sentyabr , 2016 12:05
Azərbaycanda illik inflyasiya 11%-ə çatıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-avqust aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,9% artıb. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2016-cı ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,4% artıb. 

Ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, kələmin, kökün, göy lobyanın, çuğundurun, sarımsağın, göyərtinin, tütün məmulatlarının qiymətlərində artım, balıq məhsullarının, almanın, armudun, bananın, gavalının, şaftalının, üzümün, pomidorun, xiyarın, badımcanın, bibərin, soğanın, kartofun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Avqustda iyul ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor, telefon və fotoaparatların, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində artım müşahidə edilib. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Hesabat ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən ali təhsil müəssisələrində təhsil haqqı, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri artıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər

Orphus sistemi