Azərbaycanda illik inflyasiya 10,4%-ə enib

Azərbaycanda illik inflyasiya 10,4%-ə enib Aylıq deflyasiya isə 0,1% olub
Maliyyə
8 İyun , 2016 13:27
Azərbaycanda illik inflyasiya 10,4%-ə enib

Bakı. 8 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,4% artıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, may ayında aprelə nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7% azalıb, qeyri-ərzaq məhsulları 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,2% bahalaşıb.

Ay ərzində düyünün, qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, yerkökünün, çuğundurun qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, alçanın, çiyələyin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mayda aprel ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, qaz plitəsi, elektrik sobası və kondisionerlərin qiymətlərində bahalaşma, televizor və kompyuterlərin, soyuducu və paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən soyuq su təchizatı və kanalizasiya xidmətlərinin qiymətləri bahalaşıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5%, o cümlədən ərzaq məhsulları 12,2%, qeyri-ərzaq məhsulları 15,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 4,2% bahalaşıb.

Apreldə marta nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsulları 0,1%, qeyri-ərzaq məhsulları 0,5% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Son xəbərlər

Orphus sistemi