Azərbaycanda icbari avtosığorta bazarı 16% azalıb - YENİLƏNİB

Azərbaycanda icbari avtosığorta bazarı 16% azalıb - YENİLƏNİB İyulda 102,5 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub
Maliyyə
1 Avqust , 2016 11:31
Azərbaycanda icbari avtosığorta bazarı 16% azalıb - YENİLƏNİB

İlk xəbər saat 10:33-də verilib

Bakı. 1 avqust. REPORt.AZ/ Bu ilin iyul ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 102 485 müqavilə qeydiyyata alınıb. "Report"un Büroya istinadən verdiyi xəbərə görə, bunun 15 550-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Cari ilin iyul ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8 mln. manat olub.

2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 11,4%, sığorta haqlarının məbləğində isə 15,6% azalma müşahidə edilib.

İyul ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin iyun ayı ilə müqayisədə 1,9% azalaraq 77,9 manat təşkil edib.

***

2016-cı ilin iyul ayı ərzində İSB-nin elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 743 sığorta tələbi qeydiyyata alınıb. Bu tələblər üzrə 2,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin iyulu ilə müqayisədə sığorta ödənişləri 11% azalıb.

Ödənişlərin 2 021 481 manatı nəqliyyat vasitəsinə, 80 580 manatı əmlaka, 46 500 manatı sağlamlığa dəyən zərər, 70 min manatı şəxsin ölümü ilə bağlı olub.

Hesabat ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 235 manat təşkil edib.

Cari ilin yanvar-iyul ayları ərzində AVSMMİS üzrə 628 352 sığorta müqaviləsi bağlanıb. Bağlanan müqavilələr üzrə sığorta haqları 50 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 6 %, sığorta haqlarının məbləğində isə 9 % artım müşahidə edilib.

Hesabat dövründə AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 10 988 sığorta tələbi üzrə 14 mln. manata yaxın ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 4% azalma müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi