​Azərbaycanda gələn il 316 mln. manatlıq əlavə vergi bazası yaranacaq

​Azərbaycanda gələn il 316 mln. manatlıq əlavə vergi bazası yaranacaq Nazir müavini: "Neft konsorsiumları dövlət büdcəsinə 104 mln. manat az vəsait köçürüb"
Maliyyə
17 Noyabr , 2015 17:31
​Azərbaycanda gələn il 316 mln. manatlıq əlavə vergi bazası yaranacaq

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 970,247 mln. manat həcmində vəsaitin toplanması təmin edilməklə müəyyən olunmuş proqnoza 100,1% əməl edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib: "Oktyabrda neft konsorsiumlarının büdcəyə ödənişlərinin sonuncu ayı idi. Neftin qiymətinin düşməsi ilə ödənişin azalması hər kəsi maraqlandırırdı. 2015-ci ildə neft konsorsiumları dövlət büdcəsinə planlaşdırılandan 104 mln. manat az vəsait - 696 mln. manat köçürüb".

N.Əmirov bildirib ki, konsorsiumların proqnozdan aşağı vergi ödəməsinə baxmayaraq, qeyri-neft sektorundan daxilolmalar artıb, bu da proqnozun həyata keçirilməsinə imkan verib. Nəticədə dövlət büdcəsinin vergi gəlirləri tam təmin edilib. Qeyri-neft sektoru üzrə 136 mln. manat artıq vəsait yığılmaqla bütövlükdə büdcə gəlirlərinin icra edilməsinə şərait yaradılıb. Büdcə gəlirləri bütün rayonlar üzrə 100% icra olunub.

Hesabat dövründə qeyri-neft sektoru üzrə 4 812 mln. manat proqnoza qarşı 4 063 mln. manat vergi yığılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 542 mln. manat çoxdur.

O qeyd edib ki, keçən dövr ərzində Vergilər Nazirliyi tərəfindən 9 967 səyyar vergi yoxlaması həyata keçirilib.

Nazir müavini əlavə edib ki, 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarının 7 112 mln. manat icra olunacağı proqnozlaşdırılır: "Bu proqnoz da tərəfimizdən icra edilməlidir. Ən çətin dövr arxada qalıb. Neft konsorsiumlarının büdcəni nə qədər kəsirlə icra edəcəyi maraqlı idi, bu məbləğ 104 mln. manat təşkil etdi. Qarşıdakı iki ayda da üzrərimizə düşən öhdəliyi yerinə yetirəcəyik".

N.Əmirovun sözlərinə görə, 2016-cı il üçün nazirlik xətti ilə büdcə daxilolmaları 6 602 mln. manat həcmində proqnozlaşdırılır: "Vergi orqanları proqnozun icrası üçün təhlillə məşğuldur. Ölkədə iqtisadi artım tendensiyası davam edəcək".

Nazir müavini həmçinin gələn il 316 mln. manat həcmində əlavə vergi bazasının yaranacağını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi