Azərbaycanda fond bazarı ilə bağlı yeni qaydalar təsdiq edilib

Azərbaycanda fond bazarı ilə bağlı yeni qaydalar təsdiq edilib Yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib
Maliyyə
10 Noyabr , 2015 18:30
Azərbaycanda fond bazarı ilə bağlı yeni qaydalar təsdiq edilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, bu qaydalar investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının minimum məbləğini və onun formalaşdırılması qaydalarını tənzimləyir.

Qeyd edək ki, “Qiymətli kağızlar bazarı haqqında” qanunun 61.9-cu maddəsinə əsasən, lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir, 31.3-cü maddəlsinə əsasən isə əsas və yardımçı investisiya xidmətlərinin (əməliyyatlarının) yerinə yetirilməsi üçün investisiya şirkətlərinin nizamnamə kapitalının minimum həcmini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Həmçinin, Qanunun 31.5-ci və 39.5-ci maddələrinə müvafiq olaraq “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qaydalar investisiya şirkətinin kapital adekvatlığına, habelə maliyyə risklərinin idarəedilməsinə dair tələbləri müəyyən edir. Bildirək ki, 31.5. maddəyə əsasən investisiya şirkətlərinin davamlı kapital tələblərini idarə etdikləri aktivlərin və ticarət kitablarının həcmindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı, 39.5. maddəyə əsasən isə ticarət kitabına dair əlavə tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Son xəbərlər

Orphus sistemi