Azərbaycanda daha iki bank manat əmanətlərini bahalaşdırıb

Azərbaycanda daha iki bank manat əmanətlərini bahalaşdırıb Milli valyuta ilə əmanətlərin illik gəlirliliyi 15%-ə çatdırılıb
Maliyyə
21 Sentyabr , 2016 11:45
Azərbaycanda daha iki bank manat əmanətlərini bahalaşdırıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha 2-si manatla qəbul etdikləri əmanətlərin illik faiz dərəcələrini artırıb.

"Report" xəbər verir ki, söhbət "Caspian Development Bank" ASC ("CDB Bank" ASC) və "Amrahbank" ASC-dən gedir.

Məlumata görə, hazırda "CDB Bank"da milli valyuta ilə klassik əmanətlər faizlərin aylıq və müddətin sonunda ödənilməsindən asılı olmayaraq illik 15%-lə qəbul edilir. Bundan əvvəl illik gəlirlilik 14% olub. Bankın ABŞ dolları və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

"Amrahbank" isə manat əmanətlərinin gəlirliliyini 15%-ə çatdırıb. Halbuki, indiyə qədər Bank əmanətin növündən, faizlərin götürülmə tezliyində asılı olaraq manatla yerləşdirilmiş vəsaitə görə illik 11-13% dividend ödəyib.

Bundan başqa, "Amrahbank" ABŞ dollarında qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini 8-8,3%-dən 7-7,3%-ə endirib. Bankın avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, "CDB Bank" 1988-ci ildə “Universal Bank” kimi qeydiyyatdan keçib, 2001-ci il sentyabrın 24-də bankın adı dəyişilərək "Kövsər Bank" olub, 2015-ci il yanvarın 26-da isə “Caspian Development Bank" adı altında yeni lisenziya alınıb. Onun nizamnamə kapitalı 50,02 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 250,1 min səhm əsasında formalaşıb. Səhmlərinin 99,91%-i "Synergy Group" MMC-yə, 0,08%-i Həsən Cəfərova, 0,01%-i isə İbrahim Alışova (Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru) məxsusdur.

"Amrahbank" isə 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 398 844 səhm əsasında formalaşıb. Səhmlərin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə, 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi