Azərbaycanda bəzi investisiya layihələri xüsusi maliyyələşmə əsasında həyata keçiriləcək

Azərbaycanda bəzi investisiya layihələri xüsusi maliyyələşmə əsasında həyata keçiriləcək İnvestisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor dövlət rüsumları və yığımlardan azad edilir
Maliyyə
4 Mart , 2016 16:15
Azərbaycanda bəzi investisiya layihələri xüsusi maliyyələşmə əsasında həyata keçiriləcək

Bakı. 4 mart. REPORT.AZ/ “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” yeni qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə edilərək I oxunuşda qəbul olunub.

"Report"un verdiyi xəbərə görə, bu qanunun məqsədi sənəddə qeyd olunan tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyələşmə əsasında həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Bu qanun körpülərin, tunellərin, su anbarlarının, sutəmizləmə qurğularının, suvarma, içməli və məişət su sistemlərinin, habelə kanalizasiya sistemlərinin, xəbər və konfrans mərkəzlərinin, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektlərinin, kommersiya məqsədli binaların, topdansatış bazarlarının, fabriklərin və oxşar obyektlərin, idman mərkəzləri, yataqxana, istirahət və əyləncə parklarının, təbiət parklarının, qoruqların, sənaye və texnologiya parklarının, aqroparkların, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya texnologiyaları sahəsində digər sistemlərin, hər hansı növ məhsulun tədarük edilə biləcəyi anbar və digər bu tip obyektlərin, geotermik və tullantı istiliyinə əsaslanan obyektlərin və qızdırıcı sistemlərin, elektrik enerjisi istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələrin, şoselərin, nəqliyyatın sıx olduğu magistral yolların, dəmiryolunun və relsli sistemlərin, avtovağzal komplekslərinin, stansiyaların, funikulyor və qaldırıcı sistemlərin, logistika mərkəzlərinin, yeraltı və yerüstü avtomobil dayanacaqlarının, metro xətlərinin və stansiyalarının, xüsusi iqtisadi zonaların, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanlarının, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslərin TİT (tik, idarə et, təhvil ver) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.

Sənədə əsasən, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumları və yığımlardan azaddır.

İnvestorun öhdəlik götürdüyü tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihəsinin müddəti müəyyənləşdirilərkən investisiya xərclərinin (əldə ediləcək gəlir də daxil olmaqla) və investisiya məqsədilə götürülmüş kreditlərin ödənməsi müddəti, eləcə də layihənin xüsusiyyətləri, investisiyanın miqdarı və idarə olunma prinsipləri nəzərə alınmalıdır. TİT modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz.

İnvestor tərəfindən bu qanuna uyğun olaraq həyata keçirilmiş investisiya layihələrinin predmeti olan tikinti və infrastruktur obyektləri müqavilədə nəzərdə tutulmuş müddətdə bütün borc və öhdəliklərdən azad və istifadəyə yararlı vəziyyətdə, əvəzsiz olaraq səlahiyyətli orqanın idarəçiliyinə verilir.

TİT modelinə uyğun tikilən tikinti və infrastruktur obyektləri, tərəflərin razılaşmasına əsasən onlar üzrə çəkilən xərclər və əldə ediləcək gəlirlər tam ödənilməklə dövlət ehtiyacları üçün müqavilədə nəzərdə tutulan müddətdən əvvəl geri alına bilər.

Qeyd olunan tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumları və yığımlardan azaddır.

Son xəbərlər

Orphus sistemi