Azərbaycanda bankların ƏDV-dən azad edilməsi təklif olunur

Azərbaycanda bankların ƏDV-dən azad edilməsi təklif olunur Bu güzəşt problemli kreditlərlə bağlı məhkəmə qərarlarının icrası sahəsində tətbiq oluna bilər
Maliyyə
7 Oktyabr , 2015 17:44
Azərbaycanda bankların ƏDV-dən azad edilməsi təklif olunur

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) bu gün keçirilən toplantısında müzakirə edilən təkliflər sırasında kommersiya banklarının müştərilərə göstərdiyi xidmətlərə görə komissiya haqlarının azaldılması ilə bağlı məsələlər də var. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABA-nın prezidenti Zakir Nuriyev deyib.

Z.Nuriyev problemli kreditlərlə bağlı çıxarılmış məhkəmə qərarlarının daha uzun müddətdə icra edilməsinin kredit risklərinə gətirib çıxardığını qeyd edib: "Problemli kreditlər üzrə məhkəmə prosesinin daha uzunmüddətli olması, çıxarılmış məhkəmə qərarlarının daha uzun müddətə icra edilməsi və bu icra mərhələsinin çox baha olması kredit risklərini artıran səbəblərdəndir. Bu baxımdan müzakirə etdiyimiz və hökumətə təqdim etməyi düşündüyümüz təkliflərdən biri həmin icra mərhələsində olan işlər üzrə xərclərin aşağı salınması və optimallaşdırılmasıdır. Çünki mövcud qanunvericiliyə görə, bu xərclər rəsmi olaraq 12% civarındadir. Hansı ki, 5%-lik hərrac xərclərini də üzərinə gəlməklə olduqca böyük bir məbləğ alınır. Eyni zamanda, özgəninkiləşdirilmiş əmlakın reallaşdırılmasından banklar əlavə olaraq 18% ƏDV ödəyir. Bu isə təbii ki, həmin kreditlər üzrə risk marjasını artırmağımıza səbəb olur". 

"Əsas məqsədimiz əlavə dəyər vergisindən azad olmaq və qeyd etdiyim faiz dərəcələrinin çox mühüm hissədə aşağı endirilməsinə nail olmaqdır. Bəzi bu tədbirlər həyata keçirilərsə, bankların kredit faiz dərəcələri avtomatik aşağı düşəcək", - ABA prezidenti bildirib.

Z.Nuriyev ölkədə uçot dərəcəsinin aşağı salınması və sektordaxili digər məsələlərin müzakirə edilməsilə bağlı AMB ilə müzakirələr aparacaqlarını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi