​Azərbaycanda bank əmanətlərinin 92%-i paytaxtın payına düşür

​Azərbaycanda bank əmanətlərinin 92%-i paytaxtın payına düşür Paytaxt əhalisi əmanətlərin 38%-ini xarici valyutada yerləşdirib
Maliyyə
5 Dekabr , 2014 12:07
​Azərbaycanda bank əmanətlərinin 92%-i paytaxtın payına düşür

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu il noyabrın 1-dək cəlb etdiyi əmanətlərin 92,4%-i (6,470 mlrd. manat) Bakı şəhərinin payına düşüb. Son bir ildə Bakı üzrə əmanətlərin həcmi 10,6% artıb, onların ölkə üzrə məcmu əmanətlərdə xüsusi çəkisi isə 0,4 faiz bəndi azalıb.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, paytaxtdakı əmanətlərin 4,028 mlrd. manatı (62,3%) milli valyutada ,2,442 mlrd. manatı (37,7%) isə xarici valyutada yerləşdirilib. Hesabata əsasən, Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlər üzrə orta gəlirlik illik 8% təşkil edir.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin gəlirliyinə görə 8,5% göstəricisi ilə Abşeron iqtisadi rayonu liderlik edir. Bu müddətdə Abşeron üzrə cəlb olunan əmanətlərin həcmi 166,033 mln.manat təşkil edib.

Əmanətlər üzrə ən aşağı faiz dərəcəsi isə Naxçıvan iqtisadi rayonunda (illik 4,3%) qeydə alınıb. Bu regionda cəlb olunan əmanətlərin həcmi 19,841 mln. manat olub.

Qeyd edək ki, Azərbaycandakı kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2014-cü il noyabrın 1-nə 7,005 mlrd. manat təşkil edib. Bu isə illik müqayisədə 702 mln. manat və ya 11,1% çoxdur.


Eyni zamanda, ilin əvvəlindən bank əmanətlərinin həcmi 609 mln. manat və ya 9,5%, oktyabr ayında isə 45 mln. manat və ya 0,7% artıb.

Son xəbərlər

Orphus sistemi