Azərbaycanda bank aktivlərinin 70%-i müştərilərə verilən kreditlərin payına düşür

Azərbaycanda bank aktivlərinin 70%-i müştərilərə verilən kreditlərin payına düşür Azərbaycandakı bankların məcmu aktivləri son bir ildə 4,1 mlrd. manat və ya 21% artıb
Maliyyə
3 Noyabr , 2014 07:13
Azərbaycanda bank aktivlərinin 70%-i müştərilərə verilən kreditlərin payına düşür

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 4,105 mlrd. manat və ya 21,2% artaraq 2014-cü il oktyabrın 1-nə 23,506 mlrd. manata çatıb. “Report”un xəbər verdiyi kimi, bu, Azərbaycan Mərkəzi Bankının hesabatında göstərilir.

Eyni zamanda, ilin əvvəlindən bank aktivlərinin həcmi 3,121 mlrd. manat və ya 15,3% artıb, sentyabr ayında isə 41 mln. manat və ya 0,2% azalıb.

Əvvəlki dövrlərdə olduğu kimi, bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 16,311 mlrd. manat və ya ümumi aktivlərin 69,4%-ni təşkil edir. Bundan başqa, aktivlərin strukturunda 2,007 mlrd. manat həcmində investisiyalar, 1,406 mlrd. manat həcmində müxbir hesabları, 933,8 mln. həcmində nağd vəsaitlər, 968,4 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1,879 mlrd. manat həcmində digər aktivlər var.

Passivlərin tərkibində 10,082 mlrd. manat depozitlər, 8,045 mlrd. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1,586 mlrd. manat digər öhdəliklərin payına düşür. 

Passivlərin strukturunda kapitalın həcmi 3,792 mlrd. manat təşkil edib.

"Report"un analitik qrupu bildirir ki, aktivlərin tərkibinin təhlili Azərbaycan bank sistemini xarakterizə edən iki əsas məqamı üzə çıxarır. İlk növbədə, kreditlərin çox yüksək paya malik olduğu aydın görsənir. Belə ki, müştərilərə verilən kreditlərin aktivlərdə 68-70%-lik paya malik olması Azərbaycan bank sistemi üçün tipik göstəricidir. Məsələn, bu ilin əvvəlində bu pay 69,5%-ə bərabər olub. Ümumilikdə isə, dünya praktikasına əsasən və inkişaf etmiş ölkələrlə müqayisədə bu, yüksək göstəricidir və ilk növbədə bank sisteminin faiz əməliyyatlarından, xüsusən də kreditlərdən böyük asılılığını göstərir. Halbuki, müasir bankçılıqda digər əməliyyatlar da böyük rol oynayır, lakin Azərbaycan bankları hələ də əsasən kreditverən maliyyə qurumları kimi fəaliyyət göstərir.

İkinci məqam bankların maliyyə dayanıqlığının şərti əmsalının 10%-dən yüksək olması ilə bağlıdır. Yəni, ən yüksək likvidli aktivlərin xüsusi çəkisi 10%-dən artıqdır. Belə ki, aktivlərin 4%-i banklarda olan nağd vəsaitlər, 6%-i müxbir hesablarda olan vəsaitlər və bundan əlavə xüsusi çəkisi təxminən 9%-ə bərabər olan investisiyaların müəyyən hissəsi dövlət istiqrazlarına edilən investisiyalardır. Qeyd edək ki, dövlət istiqrazlarına investisiyalar da yüksək likvidli aktivlər hesab olunur. Beləliklə, bank aktivlərinin müəyyən hissəsi çevik müdaxilə üçün istifadə oluna biləcək vəsaitlər kimi saxlanılır. Kreditlərin həcminin yüksək olması, kreditlərin strukturunda 41%-in istehlak kreditlərinin payına düşməsi, və nəyahət, vaxtı keçmiş kreditlərin həcminin 1 mlrd. manata yaxın olması şəraitində belə likvid ehtiyatların saxlanılması birmənalı olaraq müsbət göstəricidir.

Son xəbərlər

Orphus sistemi