​Azərbaycanda avtomobillərin köhnə ehtiyat hissələri ilə bağlı standart qiymətlər müəyyən ediləcək

​Azərbaycanda avtomobillərin köhnə ehtiyat hissələri ilə bağlı standart qiymətlər müəyyən ediləcək Zakir Kərimzadə: "Hazırda "Audatex" sistemi ilə qiymətləndirmə sığorta şirkətlərinə sərf etmir"
Maliyyə
21 İyun , 2016 12:59
​Azərbaycanda avtomobillərin köhnə ehtiyat hissələri ilə bağlı standart qiymətlər müəyyən ediləcək

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın sığorta bazarında avtomobillərə məxsus köhnə ehtiyat hissələrinin qiymətləri ilə bağlı problem hələ də qalmaqdadır. Bunu "Report"a açıqlamasında qəzaya uğramış avtomobillərə dəymiş zərərin qiymətləndirilməsi ilə məşğul olan "Audatex-Azerbaijan" MMC-nin icraçı direktoru Zakir Kərimzadə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda sürülən maşınların orta yaşı 14 ildir. Buna görə də, sığorta şirkətləri hadisə baş vermiş avtomobilin daha çox "2-ci əl" bazarından alınmış ehtiyat hissələri ilə təmir edilməsində maraqlıdır. Bu baxımdan "Audatex" sistemi ilə qiymətləndirmə şirkətlərə sərf etmir: "Bizim sistemə kodlaşdırma əsasında yeni ehtiyat hissələrinin qiymətləri daxil edilib və dəymiş zərər də ona uyğun hesablanır. "2-ci əl" bazarı isə kodla işləmir, üstəlik burada qiymətlər tələb-təklif əsasında formalaşır deyə "Audatex" sisteminə konkret qiymət daxil etmək olmur. Köhnə ehtiyat hissələrini satanlar heç özləri də bizimlə əməkdaşlıqda maraqlı deyil".

Son nəticədə hazırda Azərbaycanda "Audatex"dən istifadə səviyyəsi 30%-dir. Yəni, sığorta şirkətləri bu sistemdən əsasən yeni avtomobillərə dəymiş zərərin məbləğin hesablanmasında istifadə edir.

Z.Kərimzadənin sözlərinə görə, vəziyyəti düzəltmək üçün rəhbərlik etdiyi şirkət İcbari Sığorta Bürosuna (İSB) təkliflər təqdim edib: "Təklif edirik ki, yeni ehtiyat hissəsinin qiymətindən avtomobilin ilinə, getdiyi məsafəyə uyğun olaraq amortizasiya xərci çıxılsın. Son nəticədə isə köhnə ehtiyat hissələri ilə bağlı standart qiymətlər müəyyən edilsin. Sığorta şirkətləri də öz xərclərini bu qiymətlərə uyğun müəyyən etsin, lazımi detalları sistemdə çıxan qiymətlə axtarsın. Yəni, məqsədimiz odur ki, bu sahəyə də bir standart gətirək".

Hazırda "Audatex-Azerbaijan"ın təkliflərinə İSB ilə yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatasında da baxılır. Yeni təkliflə bağlı müsbət rəy olarsa, onun tətbiqinə başlanacaq.

Son xəbərlər

Orphus sistemi