Azərbaycan və Belarus ikitərəfli əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan və Belarus ikitərəfli əlaqələrin inkişafında maraqlıdır Belarusun Azərbaycandakı səfiri vergilər naziri Fazil Məmmədovla görüşüb
Maliyyə
5 Mart , 2016 15:53
Azərbaycan və Belarus ikitərəfli əlaqələrin inkişafında maraqlıdır

Bakı. 5 mart. REPORT.AZ/ Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Gennadi Axramoviçlə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, vergilər naziri iki ölkə arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu, ikitərəfli münasibətlərin dostluq, əməkdaşlıq və qarşılıqlı yardım prinsipləri əsasında qurulduğunu, Azərbaycan ilə Belarus arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini bildirib. Qeyd olunub ki, iki dövlət arasında mövcud olan mehriban münasibətlər ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edir, ölkələr beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.

Bildirilib ki, Azərbaycan xarici sərmayələrin cəlb edilməsi üçün açıq siyasət yürüdür, ölkədə ixracyönümlü istehsal sahələri dövlət tərəfindən təşviq olunur, sahibkarlığın inkişafına hərtərəfli dəstək verilir. Ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından səfirliyin fəaliyyətini xüsusi qeyd edən F.Məmmədov iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində səylərinin artırılmasının vacibliyini vurğulayıb və qarşıdakı diplomatik fəaliyyəti dövründə yeni səfirə uğurlar arzulayıb.

 G.Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. O, ölkəsinin siyasi-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib və ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işləri yaxından izlədiyini bildirib. Səfir G.Axramoviç qarşıdakı dövrdə ikitərəfli münasibətlərin bütün sahələrdə daha dinamik şəkildə inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi