Azərbaycan parlamenti plenar iclasda dövlət büdcəsinə dəyişikliklərin müzakirəsinə başlayıb

Azərbaycan parlamenti plenar iclasda dövlət büdcəsinə dəyişikliklərin müzakirəsinə başlayıb Müdafiə xərclərinin 21% artırılması nəzərdə tutulur
Maliyyə
23 Fevral , 2016 12:20
Azərbaycan parlamenti plenar iclasda dövlət büdcəsinə dəyişikliklərin müzakirəsinə başlayıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın 2016-cı il üçün təsdiqlənmiş dövlət büdcəsinə dəyişikliklər zərfinin parlamentin plenar iclasında müzakirəsinə başlanılıb. 

"Report"un verdiyi xəbərə görə, 2016-cı il dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 822,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2 256,0 mln. manat və ya 15,5% çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 mln. manat və ya 2,0% azdır.

Dövlət büdcəsi gəlirlərinin 7 615,0 mln. manatı və ya 45,3%-i Dövlət Neft Fondundan (ARDNF) transfertin, 7 010 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 810,0 mln. manatı və ya 10,7%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387,0 mln. manatı və ya 2,3%-i sair daxilolmaların payına düşür.

ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği manat ifadəsində təsdiq olunan məbləğdən 1 615,0 mln. manat və ya 26,9% çox olsa da, ABŞ dolları ifadəsində təsdiq olunmuş büdcə ilə müqayisədə transfertin məbləği 1 000,0 mln. dollar azaldılıb və bu məbləğdə Fondun qalığına qənaət edilir.

Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 597,0 mln. manat və ya 45,2% nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 mln. manat və ya 4,8 faiz bəndi çoxdur.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 010,0 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408,0 mln. manat və ya 6,2% çoxdur. Proqnozlaşdırılan daxilolmaların 23,0%-i və ya 1 610,0 mln. manatı neft sektorunun, 77,0%-i və ya 5 400,0 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan 5 400,0 mln. manat vergilərin daxilolması nəzərdə tutulur ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 588,0 mln. manat və ya 12,2 % çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmalarının məbləğinin artmasının səbəblərindən biri manatın yeni məzənnəsinin nəzərə alınması olub.

Bu il üçün vergi daxilolmalarında neft-qaz sahəsində hasilatın pay bölgüsü müqavilələrindən mənfəət vergisi üzrə ilkin müəyyən edilmiş proqnoz 130,0 mln. manat azaldılaraq 370,0 mln. manat (2015-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 1,8 dəfə az), SOCAR üzrə dövlət büdcəsinə müəyyən edilmiş ilkin proqnoz 50,0 mln. manat azaldılaraq 1 240,0 mln. manat (2015-ci ilin faktiki icrasına nisbətən 170,0 mnl. manat və ya 13,7% az) proqnozlaşdırılır.

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 810,0 mln. manat təşkil edir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 220,0 mln. manat və ya 13,8% çoxdur.

Sair gəlirlər üzrə daxilolmalar 75,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən 13,0 mln. manat və ya 21,0% çoxdur. Artıma səbəb ötən illər ərzində xarici valyuatada verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır.

Qeyd edək ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanması zamanı xam neftin satış qiyməti 25 dollar/barel götürülüb.

Cari ilin dövlət büdcəsində məxaric hissəsi 18 495,0 mln. manat təşkil edəcək ki, bu da 2016-cı ilin dövlət büdcəsinin təsdiq edilmiş xərclərinə nisbətən 13,7% çoxdur.

Sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290,0 mln. manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz bəndi artaraq 37,8% təşkil edəcək.

Dövlət büdcəsi xərclərində xarici valyutada ödənilməli olan öhdəliklərin, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi, dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına icra olunan investisiya layihələrində Azərbaycan tərəfinin pay iştirakının maliyyələşdirilməsi, dövlət borcuna xidmət xərcləri, xaricdəki səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərin saxlanılması, beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinin artırılması, xüsusi müdafiə təyinatlı alışın aparılması məqsədləri üçün maliyyə təminatının yaradılmasına əlavə olaraq 2 632,3 mln. manat ayrılacaq.

2016-cı il dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərinin 65,5%-ni və ya 12 105,6 mln. manatını cari xəcrlər, 24,9%-ni və ya 4 614,3 mln. manatını əsaslı xərclər, 9,6%-ni və ya 1 775,1 mln. manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək.

Qeyd edək ki, 2016-cı il dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 673,0 mln. manat təşkil edəcək.

Dəqiqləşdirilmiş büdcədə müdafiə xərcləri 2 228,835 mln. manat nəzərdə tutulub ki, bu da 2016-ci ilin təsdiqlənmiş büdcəsindən 21,3% çoxdur.

Bundan başqa, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər də 42,0% artırılaraq 1 775,097 mln. manat təşkil edib. Təsdiqlənimiş büdcədə bu göstərici 1 249,735 mln. manat olub.

Nəticədə, icmal büdcənin gəlirləri 15 738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Xərclər isə təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 610,2 mln. manat artırılaraq 24 566,6 mln. manata çatdırılır.

Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 828,0 mln. manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri isə 12 309,3 mln. manat təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi