Azərbaycan parlamenti ötənilki büdcənin icrasının müzakirəsini yekunlaşdırır - YENİLƏNİB

Azərbaycan parlamenti ötənilki büdcənin icrasının müzakirəsini yekunlaşdırır - YENİLƏNİB Milli Məcslisin bugünkü plenar iclasında 2015-ci il dövlət büdcəsinin icrasına dair qanun layihəsi müzakirəyə çıxarılıb
Maliyyə
31 May , 2016 14:06
Azərbaycan parlamenti ötənilki büdcənin icrasının müzakirəsini yekunlaşdırır - YENİLƏNİB

İlk xəbər saat 12:58-də verilib

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Milli Məcslisinin bugünkü plenar iclasında "Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsinə başlanılıb.

"Report"un verdiyi xəbərə görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, neftin qiymətinin 3 dəfədən çox azalması iqtisadiyyata mənfi təsir göstərsə də, bu təsir minimuma endirilib: "2015-ci ildə iqtisadi inkişafa nail olmaq özü özlüyündə böyük nailiyyətdir. 2015-ci il büdcəsinin icrasında vergi və gömrük daxilolmaları üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib. Vergi-gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib".

"Ölkənin müdafiəsi ilə bağlı xərclərdə heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 mlrd. manat ayrılıb", - deyə millət vəkili qeyd edib.

Z.Səmədzadə əlavə edib ki, hələlik dövlət büdcəsinin gəlirlərində Dövlət Neft Fondunun vəsaitləri üstünlük təşkil edir: "2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015-ci ildə 8 mlrd. manat təşkil edib. Gələcəkdə Neft Fondunun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək". 

"Ümid edirəm ki, yaxın gələcəkdə Qəbələ də dotasiya almayan şəhərlər arasında yer alacaq. Gələcəkdə büdcə gəlirlərinin artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək. Dövlət büdcəsinin kəsiri də kifayət qədər məqbul olub. Son 10 ildə dövlət büdcəsinin kəsiri proqnozadan artıq olmayıb, bu da düşünülmüş büdcə siyasətinin nəticəsidir. Azərbaycanın büdcə sistemi artıq oturuşub", - deyə Komitə sədri bildirib.

Qeyd edək ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438,0 mln. manat proqnoza qarşı 90,0% icra olunaraq 17 498,0 mln. manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 mln. manat və ya 4,9% azdır. 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 130,0 mln. manatı və ya 46,5%-i Dövlət Neft Fondundan transfertin, 7 118,3 mln. manatı və ya 40,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 591,9 mln. manatı və ya 9,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 mln. manatı və ya 3,7%-i digər mənbələr üzrə daxilolmaların payına düşüb (202,2 mln. manat - büdcə təşkilatlarının ödənişli xidmətləri, 7,6 mln. manat - Əmlak Məsələləri Dövlət Komitəsindən, 448,0 mln. manat - s. daxilolmalar). 

Hesabat ilində büdcə xərcləri 21 100,0 mln. manat proqnoza qarşı 17 784,5 mln. manat və ya 84,3% icra edilib. Xərclərin ÜDM-də xüsusi çəkisi 32,7% təşkil edib. Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9 763,1 mln. manatı və ya 54,9%-i cari xərclərə (2014-cü illə müqayisədə 134,5 mln. manat və ya 1,4% az), 7 316,9 mln. manatı və ya 41,1%-i əsaslı xərclərə (2014-cü illə müqayisədə 1115,6 mln. manat və ya 13,2% az), 704,5 mln. manatı və ya ümumi xərclərin 4,0%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2014-cü illə müqayisədə 325,6 mln. manat və ya 1,9 dəfə çox) yönəldilib.

Ötən ilin yekununda dövlət büdcəsində 286,5 mln. manatlıq kəsir yaranıb. Kəsirin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsi, özəlləşdirmədən daxiolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib. 

Cari ilin əvvəlinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1 433,9 mln. manat təşkil edib.

***

Qeyd edək ki, müzakirələrin sonunda sənəd səsə qoyularaq təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi