Azərbaycan ​Mərkəzi Bankının sədri DB-nin regional direktorunu qəbul edib

Azərbaycan ​Mərkəzi Bankının sədri DB-nin regional direktorunu qəbul edib Dünya Bankı gələcəkdə Azərbaycanla əməkdaşlığı daha da gücləndirəcək
Maliyyə
3 İyul , 2015 16:09
Azərbaycan ​Mərkəzi Bankının sədri DB-nin regional direktorunu qəbul edib

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı DB və Azərbaycan hökuməti arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri, Dünya Bankının Azərbaycanda həyata keçirdiyi proqram və layihələrin səmərəliliyi müzakirə edilib.

Görüşdə E.Rüstəmov Dünya Bankının Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, institusional quruculuq işlərinin dəstəklənməsində böyük rolu olduğunu deyib və Azərbaycan DB ilə əməkdaşlığı dövründə yenidənqurma və inkişaf üzrə bir çox sahələrdə hərtərəfli strateji dəstək aldığını qeyd edib.

DB-nin nümayəndə heyətinin rəhbəri H.Kerali Azərbaycanın sürətli iqtisadi inkişaf dinamikasını, həyata keçirilən sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan ilə əməkdaşlığın DB-nin yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi vasitəsilə gücləndiriləcəyini bildirib. O, Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək hər iki qurum arasındakı əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda E.Rüstəmov Cənubi Qafqaz ölkələri üzrə regional direktor işlədiyi 3 il ərzində səmərəli fəaliyyətinə görə H.Keraliyə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra sədr E.Rüstəmov DB-nin Avropa, Orta Şərq və Şimali Afrika regionu üzrə maliyyə və bazarlar üzrə qlobal praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı DB-nin Azərbaycan üzrə kredit portfelinin cari vəziyyəti, ölkədə həyata keçirilən və DB tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, əlavə dəstəyə ehtiyac olan istiqamətlər, DB-nin Mərkəzi Bank ilə birgə həyata keçirdiyi layihələrin hazırkı statusu, görülən işlər, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi